Pedro Aqramunt: Azərbaycan AŞPA ilə uğurla əməkdaşlıq edir
Azərbaycan Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə uğurla əməkdaşlıq edir.
Bu fikri ölkəmizdə səfərdə olan AŞPA-nın prezidenti Pedro Aqramunt Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdə söyləyib. AŞPA-nın prezidenti ölkəmizlə təşkilat arasında əlaqələrin daha da inkişafı üçün perspektivlərin olduğunu vurğulayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib, konstruktiv dialoq və anlaşma şəraitində əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Bundan başqa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb. O, ərazi bütövlüyünün pozulması kimi həssas və ciddi məsələnin beynəlxalq təşkilatların gündəliyinə çıxarılmasının hər bir dövlətin suveren hüququ olduğunu bildirib.
Nazir ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyib. O, münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. E.Məmmədyarov münaqişə nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan çox soydaşımızın hüquqlarının pozulduğunu vurğulayaraq beynəlxalq təşkilatların bu məsələyə xüsusi diqqət yetirməli olduğunu deyib.
Parlament diplomatiyasının əhəmiyyətinə toxunan Azərbaycan xarici siyasət idarəsinin rəhbəri ölkəmizin bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.