Avropa Şurası və keçmiş Ermənistan-Azərbaycan münaqişəsi
Avropa Şurası sənədlərində keçmiş Ermənistan-Azərbaycan münaqişəsi
Nazirlər Komitəsi
Təşkilatın qərar qəbul edən orqanı olan Avropa Şurasının Nazirlər Komitəsi üzv dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət məsələsi ilə bağlı öz birmənalı mövqeyini müxtəlif vaxtlarda həmişə bəyan etmişdir. 16-17 may 2019-cu il tarixlərində Finlandiyanın Helsinki şəhərində keçirilmiş iclasda Nazirlər Komitəsi beynəlxalq hüququn norma və prinsiplərinə, bütün üzv dövlətlərin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiqləyən müvafiq qərarlar qəbul etmişdir.
Avropa Şurası Parlament Assambleyası (AŞPA)
AŞPA 25 yanvar 2005-ci il tarixində “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsindəki münaqişə” adlı 1416 (2005) saylı Qətnamə və 1690 (2005) saylı Tövsiyə qəbul etmişdir. Parlament Assambleyası bu Qətnamədə yüz minlərlə insanın öz yurd-yuvasından didərgin düşdüyünü, Azərbaycan ərazisinin xeyli hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğal edildiyini təəssüflə qeyd etmişdir. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öhdəliklərinin ciddi şəkildə pozulması olduğunu bildirmiş və münaqişə zonasından didərgin düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququnu bir daha təsdiqləmişdir. Assambleya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrini xatırlatmış və hərbi qüvvələrin işğal olunmuş ərazilərdən geri çəkərək onlara əməl etməyə çağırmışdır.
26 yanvar 2016-cı il tarixdə Assambleyanın plenar iclasında Azərbaycanın işğal olunmuş ərazilərinə dair iki hesabat müzakirə edilmişdir:
Siyasi Məsələlər və Demokratiya Komitəsinin məruzəçisi, britaniyalı parlamentari Robert Walter tərəfindən hazırlanmış “Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” mövzusunda hesabat;
- Sosial Məsələlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin məruzəçisi, Bosniya və Herseqovina nümayəndə heyətinin üzvü Milisa Markoviç tərəfindən hazırlanmış “Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilir” mövzusunda hesabat.
“Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilir” adlı hesabat əsasında AŞPA qəbul etdiyi (2085) 2016 saylı Qətnamədə bir dövlətin digərinə qarşı ekoloji fəlakət bölgələri yaratmaq və əlaqədar əhali üçün normal həyatı imkansız hala gətirmək məqsədilə süni ekoloji böhran yaratmasının “ekoloji təcavüz” və düşmən hərəkəti olaraq qəbul edilməli olduğunu hesab etmişdir. Bu baxımdan, o, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və digər bitişik ərazilərini işğal etməsi faktının Aşağı Qarabağ vadisində yaşayan Azərbaycan vətəndaşları üçün oxşar humanitar və ekoloji problemlər yaratdığından təəssüflənmişdir. Bu təcili humanitar problemi nəzərə alaraq, Assambleya Ermənistan silahlı qüvvələrinin müvafiq bölgədən dərhal çıxarılmasını istəmiş və Ermənistan hakimiyyətini su mənbələrindən siyasi təsir vasitələri və ya münaqişə tərəflərinin biri üçün üstünlük yaradan təzyiq aləti kimi istifadə etməyi dayandırmağa çağırmışdır.
Bundan əlavə, Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətinin nəticələrini daim Assambleyanın üzvlərinin diqqətinə çatdırmışdır. Ermənistan-Azərbaycan münaqişəsi kontekstində bir sıra sənədlər (aşağıda) Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülmüş və Assambleyanın çoxsaylı üzvləri tərəfindən dəstəklənmişdir:
10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin üçtərəfli bəyanatının imzalanması ilə Ermənistan və Azərbaycan arasında təxminən otuz il davam etmiş silahlı münaqişəyə son qoyulmuşdur. Hazırda Azərbaycanın əsas vəzifəsi onilliklər ərzində fundamental hüquqları pozulmuş azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək üçün işğaldan azad edilmiş ərazilərdə tamamilə dağıdılmış şəhər, qəsəbə və kəndləri yenidən qurmaqdan ibarətdir. Bundan başqa, regionda davamlı sülhün, inkişafın və tərəqqinin təmin edilməsi Azərbaycanın gələcəyə baxışının əsasını təşkil edir və Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət etməklə Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır.
Bu kontekstdə Azərbaycan hesab edir ki, Avropa Şurası yeganə ümumavropa hökumətlərarası təşkilat kimi bütün Avropa dövlətləri arasında sülh şəraitində birgə yaşayış və qarşılıqlı fəaliyyətə kömək etmək üçün dialoq və əməkdaşlıq platforması olmalıdır. Buna görə də, ölkəmiz Avropa Şurasını Ermənistan və Azərbaycan arasında etimadın və barışığın gücləndirilməsi üçün öz təcrübəsindən və müqayisəli üstünlüyündən istifadə etməyə təşviq edir. Bu baxımdan Azərbaycan Avropa Şurası Baş katibinin Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi tədbirləri ilə bağlı irəli sürdüyü təşəbbüsü və Avropa Şurasının bu prosesdə iştirakını alqışlayır.
Yenilənib: 16.05.2022