Avropa Şurasına üzvlük tarixçəsi

Azərbaycanın Avropa Şurasına üzvlük yolu

25 yanvar 2001-ci il tarixdən bəri Avropa Şurasının tam hüquqlu üzvü olaraq, bu təşkilat daxilində çoxtərəfli diplomatiyaya töhfə verməkdədir. Azərbaycanla Avropa Şurası arasındakı münasibətlərin tarixi 1992-ci ildən başlayır. 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti "xüsusi qonaq" statusu üçün Avropa Şurasına müraciət etmişdir. 1995-ci ilin fevralında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu, üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv olmaq üçün müraciət etmək hüququnu təmin edən 1247 saylı Tövsiyəyə (1994) uyğun olaraq Azərbaycanın "xüsusi qonaq" statusu ilə bağlı müraciətinə baxılmasına başlamışdır.

17-18 mart 1996-cı il tarixlərində keçirilmiş iclasında Azərbaycan Hüquq vasitəsilə Demokratiya üzrə Avropa Komissiyası (Venesiya Komissiyası) üzvlüyünə qəbul edilmişdir.

28 iyun 1996-cı ildə Azərbaycan Respublikasının Milli Məclisi AŞPA-da xüsusi qonaq statusu almışdır.

13 iyul 1996-cı ildə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avropa Şurasının Baş katibinə məktub göndərərək Azərbaycanın Avropa Şurasının tam hüquqlu üzvü olmaq və İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyaya (Avropa İnsan Hüquqları Konvensiyasına) qoşulmağı arzuladığını bildirmişdir.

11 sentyabr 1996-cı il tarixdə Nazirlər Komitəsinin 573-cü iclasında qəbul edilmiş 32 (96) saylı qərar Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, Azərbaycanda demokratikləşmə prosesinin sürətləndirilməsi və tərəfdaşlıq proqramları vasitəsilə yardımın göstərilməsi məqsədilə dövlət qurumları ilə danışıqların intensivləşdirilməsini nəzərdə tuturdu.

10-11 oktyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Strasburqda keçirilmiş Avropa Şurası Dövlət və Hökumət Başçılarının İkinci Zirvə Görüşündə iştirak etmişdir.

20 yanvar 1998-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi tədbirləri haqqında” Sərəncam imzalamışdır.

10 fevral 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisi ölüm cəzasının ləğvi haqqında qanun qəbul etmişdir. Bu zamana qədər ölüm hökmünün icrasına faktiki olaraq moratorium 1993-cü ildən bəri tətbiq edilirdi. Bu qərar Azərbaycan Respublikasının əsas insan hüquq və azadlıqlarını təmin etmək üçün atdığı ən vacib addımlardan biri idi.

16 avqust 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzura ləğv edilmişdir.

14 may 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada maraqlarının qorunması tədbirləri haqqında" Sərəncam imzalamışdır.

28 iyun 2000-ci ildə AŞPA Azərbaycanın Avropa Şurasına üzv olmaq üçün müraciəti barədə 222 (2000) saylı Rəy qəbul etmişdir. 126 nümayəndənin qatıldığı səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə səs ver vermiş, 5 nəfər bitərəf qalmışdır.

17 yanvar 2001-ci il tarixdə Nazirlər Komitəsi Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv kimi qoşulması ilə bağlı qərar qəbul etmişdir. Beləliklə, 25 yanvar 2001-ci il tarixdə Azərbaycan Respublikasının bayrağı ümummilli lider Heydər Əliyevin iştirakı ilə Avropa Şurasının Strasburqdakı mənzil-qərargahı qarşısında qaldırılmış və Azərbaycan Respublikası Avropa Şurasının 43-cü üzvü olmuşdur.

Azərbaycan Respublikasının nümayəndə heyəti İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə tam hüquqlu üzv olaraq AŞPA-nın 24-27 aprel 2001-ci il tarixli plenar iclasında iştirak etmişdir.

15 aprel 2002-ci ildə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Avropa Konvensiyasının və onun müvafiq Protokollarının ratifikasiya sənədini təqdim etmişdir. Beləliklə, Konvensiya və onun protokolları Azərbaycana münasibətdə qüvvəyə minmişdir. O gündən etibarən Azərbaycanın yurisdiksiyasında olan şəxslər (vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, hüquqi şəxslər və s.) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək hüququna malikdirlər.

 

Azərbaycanın Avropa Şurasının üzv dövləti kimi öhdəlikləri

2000-ci ilin əvvəlində AŞPA Siyasi Məsələlər Komitəsi Azərbaycan Respublikasının Milli Məclisinə Avropa Şurasına üzv olduqdan sonra Azərbaycan tərəfindən yerinə yetiriləcək öhdəliklərin siyahısını göndərmiş və bu sənəd Milli Məclisdəki siyasi partiyaların təmsilçiləri tərəfindən imzalanmışdır.

AŞPA 222 (2000) saylı Rəyində Azərbaycan Prezidentinin, Milli Məclis sədrinin, Baş nazirin və parlamentdə təmsil olunan siyasi partiyaların sədrlərinin müvafiq məktublarını nəzərə almış və Azərbaycanın öhdəliklərə əməl etməyi öz üzərinə götürdüyünü qeyd etmişdir.

20 noyabr 2000-ci ildə Nazirlər Komitəsi İtaliyanın Daimi Nümayəndəsinin sədrliyi ilə Latviya, Niderland, Rumıniya, Rusiya Federasiyası, İsveç, İsveçrə, Türkiyə və Almaniya nümayəndələrindən ibarət Monitorinq Qrupunun (Aqo Qrupu) yaradılması haqqında qərar qəbul etmişdir. Azərbaycanın üzvlüklə bağlı müvafiq öhdəliklərin yerinə yetirilməsi bu qrup tərəfindən izlənmişdir. Qrup fəaliyyəti dövründə bir neçə dəfə Azərbaycanda olmuş və müvafiq hesabatlar hazırlamışdır.

2010-cu il dekabrın 8-də Nazirlər Komitəsi “Aqo” Monitorinq Qrupunun fəaliyyətini müzakirə etmiş və Azərbaycanda insan hüquqlarının müdafiəsi və demokratikləşmə sahəsində əldə olunan nailiyyətləri nəzərə alaraq, “Aqo” Qrupunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul etmişdir. Nəticədə, Azərbaycan Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun (GR-DEM) daha sadələşdirilmiş monitorinqinə daxil edilmişdir.

2021-ci ilin mayında Nazirlər Komitəsinin Hamburqda keçirilmiş Nazirlər Sessiyasında qəbul edilmiş müvafiq qərardan sonra GR-DEM tərəfindən Azərbaycan da daxil olmaqla, üzvlükdən sonrakı monitorinq proseduruna xitam verilmişdir.

 

Yenilənib: 16.05.2022

 

Arxiv üzrə axtarış