Avropa Şurası Nazirlər Komitəsinə sədrlik
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi
Azərbaycan 2001-ci ildə Avropa Şurasının üzvü olduqdan sonra ilk dəfə 6 may 2014-cü il tarixində Vyanada keçirilən Nazirlər Komitəsinin 124-cü iclasında Avropa Şurası Nazirlər Komitəsinin sədrliyini qəbul etmişdir. Vyana keçirilmiş Nazirlər Sessiyasında Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının sabiq xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etmişdir. Altı aylıq sədrlik dövründə Azərbaycan Avropa Şurasının insan hüquqları, qanunun aliliyi və demokratiya kimi üç əsas sütunu əsasında təşkilatın məqsədlərini daha da təşviq etmək üçün səy göstərmişdir. Azərbaycan sədrliyi dövrü üçün prioritetləri Avropa Şurasının gündəmindəki aktual məsələləri və üzv dövlətlərin qarşılaşdığı davamlı çağırışları nəzərə alaraq müəyyənləşdirmişdir. Sədrliyi dövründə Azərbaycan əsas sahələrdəki müsbət təcrübəsindən və müqayisəli üstünlüklərindən irəli gələrək Avropa Şurasının missiyasına öz töhfəsini vermişdir.
Azərbaycanın sədrliyi aşağıdakı prioritet sahələrə xüsusi diqqət ayırmışdır:
- İdmanda nəticələrin manipulyasiyası daxil olmaqla korrupsiyaya qarşı mübarizədə geniş əməkdaşlıq yolu ilə qanunun aliliyinin gücləndirilməsi;
- Qarşılıqlı hörmət və anlaşma əsasında mədəni cəhətdən müxtəlif cəmiyyətlərin konsolidasiyası;
- Sosial birliyin və sosial dayanıqlılığın təmin edilməsi: həssas qrupların insan hüquqlarına çıxışının təşviqi;
- Gənclərin insan hüquqları və demokratik vətəndaşlıq mövzusunda təhsili; savadlı və məsuliyyətli bir gənc nəsil yetişdirmək və onların hüquqlara çıxışını təmin etmək.
Sədrlik dövründə Bakı və Strasburqda ümumilikdə 18 tədbir təşkil edilmişdir. Bu xüsusda, Azərbaycanın paytaxtı bir sıra mühüm konfrans və görüşlərə ev sahibliyi etmişdir. Bunlar arasından aşağıdakıları göstərmək olar: korrupsiyaya qarşı mübarizədə beynəlxalq standartlara və milli təcrübələrə dair konfrans, mədəniyyətlərarası dialoqun din ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü, İnsan Hüquqları üzrə Avropa Konvensiyanın yerli səviyyədə tətbiqinin gücləndirilməsində milli hakimlərin rolu barədə yüksək səviyyəli konfrans, Avropa Şurası qonşuluq siyasəti üzrə yüksək səviyyəli konfrans və s.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çıxış etmişdir. Həmçinin, Azərbaycanın xarici işlər naziri, Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov Parlament Assambleyasının yay və payız sessiyalarında Nazirlər Komitəsinin fəaliyyətinə dair şifahi və yazılı məlumatlar təqdim etmişdir. Bundan əlavə, 22 may 2014-cü il tarixində Bakıda AŞPA Daimi Komitəsinin iclası keçirilmiş və bu iclasda AŞPA üzvləri xarici işlər naziri Elmar Məmmədyarovla fikir mübadiləsi aparmışlar.
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində Sədrliyinin Hesabatı (14 may – 13 noyabr 2014-cü il)
Yenilənib: 16.05.2022