Azərbaycan - Avropa Şurası əlaqələri

AZƏRBAYCAN-AVROPA ŞURASI

 

Nazirlər Komitəsi

Təşkilatın qərar qəbul edən nizamnamə orqanı olan Avropa Şurası Nazirlər Komitəsi üzv dövlətlərin xarici işlər nazirlərindən ibarətdir. O, Avropa Şurasının insan hüquqları, demokratiya və qanunun aliliyi kimi təməl dəyərlərinin qoruyucusu sayılır və üzv dövlətlərin öhdəliklərinə əməl etmələrini izləyir. Komitə siyasi məsələləri nəzərdən keçirmək və təşkilatın fəaliyyətinə lazımi siyasi təkan vermək üçün ildə bir dəfə may ayında Nazirlər səviyyəsində toplanır. Komitə hər həftə Strasburqda nümayəndələr səviyyəsində iclaslar keçirir. Nümayəndələrin, habelə müxtəlif məruzəçilərin və işçi qruplarının bu iclasları, Nazirlər Komitəsinin işinin çox hissəsini aparır və burada qərar qəbul edilməzdən əvvəl Strasburqda yerləşən daimi nümayəndəliklər müəyyən məsələləri dərindən nəzərdən keçirirlər. Nazirlər Komitəsinin sədrliyi hər altı aydan bir, may və noyabr aylarında bir üzv dövlətdən digərinə ingilis əlifba sırası ilə ötürülür.

Azərbaycan bu qarşılıqlı fəaliyyət üzrə hökumət platformasından digər üzv dövlətlərlə bərabər əsasda narahatlıq doğuran məsələləri qaldırmaq və Avropa problemlərinə müxtəlif milli yanaşmaları müzakirə etmək üçün fəal şəkildə istifadə edir. Komitə Azərbaycanda gedən irəlilyişlər, daha konkret olaraq insan hüquqlarının qorunması və təşviqi, demokratiyanın möhkəmləndirilməsi və qanunun aliliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən geniş ardıcıl tədbirlər barədə sistematik olaraq məlumatlandırılır. Azərbaycanın müxtəlif hökumət institutları və dövlət qurumlarının nümayəndələri də Nazirlər Komitəsinin nəzdində yaradılan və fəaliyyət göstərən hökumətlərarası komitələrin və tabe qurumların işində fəal iştirak edirlər (hazırda 30-a yaxın belə qurum fəaliyyət göstərir). Azərbaycan Respublikası təşkilata üzv olduqdan sonra ilk dəfə olarq 2014-cü ilin mayından noyabrına qədər Nazirlər Komitəsinə sədrlik etmişdi (bax: Nazirlər Komitəsinə Azərbaycanın sədrliyi).

 

Avropa Şurası Parlament Assambleyası - AŞPA

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Avropa Şurasına üzv olan 46 ölkənin parlamentlərindən ümumilikdə 612 (306 əsas, 306 əvəzedici) üzvü bir araya gətirir. Qitədəki siyasi fikri əks etdirən bir çox səsə sahib olmasına baxmayaraq, onun missiyası, Avropa xalqlarının "ortaq mirası" olan insan hüquqları, demokratiya və qanunun aliliyinin ortaq dəyərlərini müdafiə etməkdir.

Azərbaycan AŞPA-da on iki millət vəkilindən ibarət nümayəndə heyəti ilə təmsil olunur, onlardan 6-sı əsas, digər 6-sı isə əvəzedici üzvlərdir. Azərbaycan nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovdur. Azərbaycan nümayəndə heyətinin üzvləri məruzələr hazırlamaq və müzakirələrə töhfə verməklə AŞPA komitələrinin işində, eləcə də plenar iclaslarda fəal iştirak edirlər. Azərbaycan nümayəndə heyəti AŞPA ilə konstruktiv əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin qurulmasında maraqlıdır.

1115 (1997) saylı Qətnaməyə  uyğun olaraq, AŞPA öz Monitorinq Komitəsinə üzv dövlətlərin Avropa Şurası Nizamnaməsi, İnsan Hüquqları üzrə Avropa Konvensiyası və onların tərəf olduğu bütün digər Avropa Şurası konvensiyaları şərtlərinə görə götürdükləri vəzifələrin, habelə üzv dövlətlərin hakimiyyətlərin Avropa Şurasına qəbul olduqları zaman qəbul etdikləri öhdəliklərin yerinə yetirilməsini yoxlamağı həvalə etmişdir. Hazırda on dövlət (Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, Ermənistan, Gürcüstan, Moldova Respublikası, Polşa, Serbiya, Türkiyə və Ukrayna) tam monitorinq  proseduru altındadır. Bu prosedura uyğun olaraq, hakimiyyət orqanları ilə davamlı dialoq aparan iki həmməruzəçi müvafiq ölkəyə səfərlər edir və tərəqqi və problemlərin qiymətləndirilməsi üçün plenar müzakirələr keçirilir. Bu baxımdan, Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanın qəbul etdikləri öhdəliklərin icrasının gedişatını nəzərdən keçirmək üçün mütəmadi olaraq Azərbaycana gəlirlər. Bu səfərlər zamanı həmməruzəçilər müxtəlif dövlət qurumlarında görüşlər keçirir və Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər barədə fikir mübadiləsi aparırlar.

 

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi

Yerli və Regional Hakimiyyətlər Konqresi 46 üzv dövlətdə yerli və regional demokratiyanın gücləndirilməsindən məsul olan və Avropa Yerli Özünüidarə Xartiyasının tətbiq edilməsini qiymətləndirən Avropa Şurasının bir qurumudur. O, Avropa bələdiyyələrinin və regionların səsi olaraq, Avropa Şurası Nazirlər Komitəsi ilə əməkdaşlıq yolu ilə milli hökumətlər və yerli və regional hakimiyyət orqanları arasında məsləhətləşmələrin və siyasi dialoqun inkişaf etdirilməsinə çalışır.

Konqres iki palatadan ibarətdir: Yerli İdarəetmə Palatası və Regionlar Palatası. Konqres dörd il müddətinə təyin olunmuş və Avropa Şurasının 46 üzv dövlətində 150.000-dən çox yerli və regional hakimiyyəti təmsil edən 306 əsas və 306 əvəzedici üzvdən ibarətdir. Konqresin işi üç komitədə təşkil olunur: Monitorinq Komitəsi, İdarəetmə Komitəsi və Cari İşlər Komitəsi.

Azərbaycan Respublikası Avropa Şurasına üzv olduqdan bəri Yerli və Regional Hakimiyyətlər Konqresi ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq yerli və regional demokratiyanın inkişafı və möhkəmləndirilməsi ilə bağlı geniş məsələləri əhatə edir.

Konqres 2003-cü ilin mayında, 2012-ci ilin oktyabrında və 2021-ci ilin iyununda keçirilən plenar iclaslarında Azərbaycandakı yerli və regional demokratiyanın vəziyyətinə dair müvafiq olaraq 151 (2003) saylı Qətnaməni126 (2003) saylı Tövsiyəni, 345 (2012) saylı Qətnaməni326 (2012) saylı Tövsiyəni, habelə 473 (2021) saylı Qətnaməni461 (2021) saylı Tövsiyəni  qəbul etmişdir. Bu sənədlər Azərbaycanda yerli və regional demokratiyanın monitorinqinə dair hazırlanmış hesabatlardan sonra qəbul edilmişdir.

Konqres vaxtaşırı olaraq xüsusən Avropa Şurasına üzv ölkələrdə yerli və regional seçkiləri müşahidə edir. Müşahidələr həm səsvermə, həm də seçki kampaniyalarını əhatə edir. Konqres bir neçə dəfə Azərbaycanda bələdiyyə seçkiləri zamanı seçki müşahidə missiyaları keçirmişdir.

Konqresdəki milli nümayəndə heyətlərinin üzvləri (nümayəndələri və əvəzediçiləri) hər bir üzv dövlətin öz proseduruna uyğun olaraq dörd il müddətinə təyin edilir. Milli nümayəndə heyətləri daxilində üzvlər Konqresin iki palatası arasında bölünür. Konqresdə Azərbaycan 6 əsas və 6 əvəzedici üzvlə təmsil olunur.

 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi

15 aprel 2002-ci il tarixindən etibarən Azərbaycan Respublikası insan hüquqlarının qorunması sahəsində Avropa Şurasının ən vacib hüquqi aləti olan İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın tərəfidir.

Yuxarıda qeyd olunan konvensiya hər bir insana xas olan əsas hüquq və azadlıqları özündə cəmləşdirir və konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqların qorunmasının hüquqi mexanizmi olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsini təsis edir. Məhkəmənin yurisdiksiyası Azərbaycana münasibətdə 15 aprel 2002-ci il tarixdən qüvvədədir. Məhkəmənin presedent hüququ daxili qanunvericiliyin təkmilləşdirilməsinə müsbət təsir göstərir və Avropa hüquq standartlarının milli qanunvericiliyə tətbiq olunmasını təmin edir. Hal-hazırda Avropa Şurasına üzv ölkələrin hər birindən, o cümlədən Azərbaycandan seçilmiş bir hakim 9 illik müddətə Məhkəmədə fəaliyyət göstərir.

 

Avropa Şurası İnsan Hüquqları Komissarı

Azərbaycan Hökuməti Avropa Şurasının insan hüquqları sənədlərində təsbit edilmiş insan hüquqları sahəsində maarifləndirmə, məlumatlandırma və hörməti təşviq etmək üçün Nazirlər Komitəsinin 1999-cu il qərarı ilə qeyri-məhkəmə orqanı kimi yaradılmış İnsan Hüquqları üzrə Komissarının ofisi ilə konstruktiv dialoq aparır. Hal-hazırda Komissar vəzifəsini 1 aprel 2018-ci il tarixindən icra edən xanım Dunya Miyatoviç tutur. Mandatına uyğun olaraq Komissar müntəzəm olaraq üzv dövlətlərə səfərlər edir və daha sonra səfərlər barədə nəticə və tövsiyələrdən ibarət olan hesabatları dərc edir. Müvəkkilin Azərbaycana son səfəri 2019-cu ilin iyul ayında baş vermişdir və bu, D.Miyatoviçə ölkədəki insan haqları vəziyyətinə dair Azərbaycan Respublikasının müvafiq orqanları ilə açıq və ətraflı müzakirələr aparmasına imkan yaratmışdır. Səlahiyyətli orqanlarla görüşlər zamanı Komissar Hökumət tərəfindən Azərbaycanda insan haqlarının qorunması və təşviqi, demokratiya və qanunun aliliyi sahəsində həyata keçirilən ardıcıl və hərtərəfli tədbirlər barədə geniş məlumat almışdır. Azərbaycana səfər hesabatı Azərbaycan hakimiyyətinin şərhləri ilə birlikdə 2019-cu ilin dekabrında yayımlanmışdır.

 

 

Yenilənib: 16.05.2022

Arxiv üzrə axtarış