Avropa Şurası ilə əməkdaşlıq

Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı

Azərbaycan üzrə 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Planı Fəaliyyət Planı 2022-ci il fevralın 16-da AŞ Nazirlər Komitəsi tərəfindən qəbul edilib və 5 aprel 2022-ci ildə Bakıda Avropa Şurasının Baş katibi Mariya Peçinoviç Buriç və Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə onun icrasına başlanılıb. Bu sənəd Avropa Şurasının Katibliyi ilə Azərbaycan hakimiyyəti arasında aparılan geniş məsləhətləşmələr nəticəsində konstruktiv şəkildə işlənib hazırlanmışdır. Sənəd Avropa Şurasının çoxsaylı qurumlarının tövsiyə və nəticələri, ən əsası isə Azərbaycanda maraqlı tərəflərin ehtiyacları əsasında müəyyən edilmiş müvafiq sahələrdə əməkdaşlıq üçün ümumi çərçivə təqdim edir. Hazırkı Fəaliyyət Planı İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tətbiqinin yaxşılaşdırılması, cinayət ədliyyə sisteminin təkmilləşdirilməsi, kütləvi informasiya vasitələri üçün potensialın artırılması, informasiya təhlükəsizliyinin və fərdi məlumatların qorunmasının gücləndirilməsi, məhkəmə sisteminin müstəqilliyi və effektivliyinin artırılması, sosial hüquqların təmin edilməsi daxil olmaqla Avropa Şurasının ekspertizaya malik olduğu müxtəlif sahələri əhatə edir. Bundan əlavə, Fəaliyyət Planına yeni əməkdaşlıq sahələri, o cümlədən süni intellekt, ətraf mühitin mühafizəsi, insan alverinə qarşı mübarizə və s. daxildir.

Bu Fəaliyyət Planı Azərbaycan üzrə 2014-2017 və 2018-2021-ci illər üzrə əvvəlki Fəaliyyət Planlarının nəticələrinə əsaslanır. Qeyd edilməlidir ki, əvvəlki planlar çərçivəsində ədliyyə sisteminin potensialının artırılması və məhkəmə idarəçiliyinin təkmilləşdirilməsi, korrupsiya və kibercinayətkarlıqla mübarizə, Ədliyyə Akademiyasının təlim potensialının artırılması, jurnalistika tələbələri üçün tədris proqramının təkmilləşdirilməsi, həbsxana inzibatçılarının və tibb işçilərinin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və gənclərin insan hüquqları üzrə təhsili kimi sahələrdə irəliləyişlər məruzə edilmişdir.

Yaxşı İdarəetmə üçün Tərəfdaşlıq (PGG)

Azərbaycan Avropa Şurası və Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üçün Yaxşı İdarəetmə üçün Tərəfdaşlıq (PGG) çərçivəsində müxtəlif layihələrində fəal iştirak edir. Bu əməkdaşlıq proqramı Şərq Tərəfdaşlığı ölkələrinin demokratiya, insan hüquqları və qanunun aliliyi sahələrində Avropa standartlarına yaxınlaşdırılması üçün daxili islahatları həyata keçirmək üçün potensialını gücləndirməyi hədəfləyir. İstər ölkə, istərsə də regional PGG tədbirləri Avropa Şurasının ölkə üzrə xüsusi fəaliyyət planları və Avropa İttifaqının ölkə üzrə xüsusi illik fəaliyyət proqramları çərçivəsində milli maraqlı tərəflərlə sıx məsləhətləşmələr əsasında hazırlanmışdır. Proqramın iki ardıcıl mərhələsi vardır: PGG I (2015-2018) və PGG II (2019-2021).

2014-cü ilin aprelində Avropa İttifaqı ilə Avropa Şurası arasında insan hüquqları, demokratiya və qanunun aliliyi sahələrində Şərq Tərəfdaşlığı ölkələri (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna) ilə tərəfdaşlıq layihələrinin həyata keçirilməsi razılaşdırılmışdır. Bu layihələrdə Avropa İttifaqı əsas donor kimi çıxış edir, Avropa Şurası isə benefisiar ölkələrlə birgə layihələrin həyata keçirilməsində ekspertizanı təmin edir və əsas rol oynayır. Bu təşəbbüs çərçivəsində bir sıra ikitərəfli və regional layihələr həyata keçirilmişdir. PGG I 2018-ci ildə başa çatmışdır.

PGG I fazasında məhkəmə sistemindəki islahatlar, korrupsiya, kiber cinayətlərlə mübarizə, insan hüquqları, yerli idarəetmə, ifadə və media azadlığı ilə bağlı maarifləndirmə işləri, penitensiar xidmət sahəsində islahatlar, gender bərabərliyi və s. ilə bağlı bir sıra regional və ikitərəfli layihələr həyata keçirilmişdir.

Ümumilikdə, 14 regional layihədən əlavə, Azərbaycan üçün 4.9 milyon avro dəyərində ikitərəfli layihələr həyata keçirilmişdir:

İnsan Hüquqları üzrə Avropa Konvensiyasının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi;

  1. Azərbaycan Respublikasında məhkəmə xidmətlərinin səmərəliliyi və keyfiyyətinin yaxşılaşdırılması;
  2. Azərbaycanda korrupsiyaya qarşı mübarizə və qarşısının alınması potensialının gücləndirilməsi;
  3. İfadə və media azadlığı.

Azərbaycan PGG II Fazası (2019-2021) çərçivəsində həyata keçirilən 2 milli və 4 regional layihədə iştirak edir:

 

Milli layihələr:

Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin gücləndirilməsi;

  1. Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin gücləndirilməsi.

Regional layihələr:

  1. İqtisadi cinayətlərin qarşısının alınması və onlarla mübarizə tədbirlərinin gücləndirilməsi;
  2. Şərq Tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət cinayətləri və nifrət nitqləri qurbanları üçün qeyri-məhkəmə yolu ilə müdafiə mexanizmləri vasitəsilə ədalətə çıxışın gücləndirilməsi;
  3. Qadınların Ədalətə Çıxışı: İstanbul Konvensiyası və gender bərabərliyi üzrə Avropa standartlarını təqdim etmək;
  4. Hüquqşünasların inkişafının Avropa standartlarına uyğunluğunun gücləndirilməsi.

Azərbaycan PGG-yə ən yaxşı təcrübələrin bölüşdürülməsi, qarşılıqlı mübadilə, bir sıra vacib sahələrdə potensialın gücləndirilməsi və irəliləyişin möhkəmləndirilməsi ilə bağlı əməkdaşlıq üçün faydalı bir platforma kimi baxır. PGG-nin birinci mərhələsində əldə olunan nəticələr bu əməkdaşlıq platformasının canlılığını və faydalılığını göstərdi. PGG çərçivəsindəki fəaliyyətlər Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsindəki təşəbbüslərlə yaxşı əlaqələndirilir və bununla da bu vacib ikitərəfli sənədin ayrılmaz elementi rolunu oynayır.

Sosial hüquqların təmin edilməsi

zərbaycan ölkədə sosial və iqtisadi insan hüquqlarını daha yaxşı təşviq etmək və təmin etmək məqsədilə 2 sentyabr 2004-cü ildə Avropa Sosial Xartiyasını (yenilənmiş) ratifikasiya etmişdir. Azərbaycan üzv dövlətlərdə vəziyyətin Avropa Sosial Xartiyasına uyğunluğunu izləyən Avropa Sosial Hüquqlar Komitəsi (ECSR) ilə konstruktiv dialoq aparır. Azərbaycan hər il xartiyanın tətbiqi ilə bağlı ECSR-ə hesabatlar təqdim edir və qanunvericiliyin tamamilə bu sənədə uyğunlaşdırılması ilə bağlı Komitənin tövsiyələrini alır. Azərbaycan Respublikasının 2006-2015-ci illər üçün Məşğulluq Strategiyasında irəli sürülən “Əmək resurslarından istifadə etməklə əhalinin səmərəli məşğulluğunun” təmin edilməsinə yönəlmiş tədbirlər ölkəmizin Sosial Xartiyaya qoşulmaqla üzərinə götürdüyü öhdəliklərə sadiqliyinin nümunəsidir.

Korrupsiyaya qarşı mübarizə

Azərbaycan korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınmasında Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) ilə əməkdaşlığa böyük əhəmiyyət verir. 2004-cü ildə GRECO-ya qoşulduqdan sonra, Azərbaycan GRECO tövsiyələrinin və ölkənin tətbiq etdiyi müvafiq beynəlxalq və Avropa antikorrupsiya sənədlərinin icrasını genişləndirmək üçün bir sıra qanunvericilik və institusional tədbirlər həyata keçirmişdir. Azərbaycan qanunvericilik və institusional bazanın təkmilləşdirilməsi ilə yanaşı, müvafiq maraqlı tərəflərin praktiki potensialının artırılmasına yönəlmiş Avropa Şurası ilə bir sıra birgə layihələr həyata keçirmişdir.

2021-ci ildə Azərbaycan GRECO Tövsiyələrinin 60%-dən çoxunu qənaətbəxş şəkildə yerinə yetirən Avropa Şurasının on bir üzv dövləti sırasında yer almışdır.

Dördüncü Qiymətləndirmə Raundu çərçivəsində Azərbaycan üzrə İkinci Uyğunluq Hesabatına Əlavə 19 may 2021-ci il tarixində dərc edilmişdir. Hesabata əsasən, iyirmi bir tövsiyədən on dördü qənaətbəxş, dördü qismən yerinə yetirilmiş, üç tövsiyə isə hələ də icra olunmamışdır.

Korrupsiyaya qarşı mübarizədə hüquqi bazanın gücləndirilməsi məqsədi ilə 1 iyun 2004-cü ildən etibarən Azərbaycan Respublikası Korrupsiyaya dair Cinayət Hüququ Konvensiyasının və Korrupsiyaya dair Mülki Hüquq Konvensiyasının tərəfidir. Eyni zamanda, yuxarıda göstərilən sahələrdə fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə 1 avqust 2013-cü ildən etibarən Azərbaycan Respublikası Korrupsiyaya dair Cinayət Hüququ Konvensiyasına Əlavə Protokolun tərəfidir.

MONEYVAL

MONEYVAL – Avropa Şurasının Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi, Avropa Şurasına üzv dövlətlərdə çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı daxili tədbirlərin effektivliyini qiymətləndirir. Buna görə də, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə effektiv mübarizə aparmaq üçün MONEYVAL ilə konstruktiv iş Azərbaycan hökuməti üçün vacibdir. MONEYVAL-ın tövsiyələrinə əsasən, 2009-cu ildə Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti yaradılmışdır. Xidmətə Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasında dövlət siyasətini həyata keçirmək, nəzarət sistemini təkmilləşdirmək və müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək səlahiyyəti verilmişdir. Azərbaycan “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında” Konvensiyanın  iştirakçısıdır.

İnsan alverinə qarşı mübarizə

Azərbaycan 2010-cu ildə Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasına qoşulmuşdur. Konvensiyaya əsasən hər bir tərəfin gördüyü tədbirləri qiymətləndirmək və hesabatlar tərtib etmək üçün İnsan Alverinə Qarşı Mübarizə üzrə Ekspertlər Qrupu (GRETA) yaradılmışdır. GRETA raundlara bölünmüş prosedura əsasən Konvensiyanın icrasını qiymətləndirir.

Azərbaycan Konvensiyanın icrası ilə bağlı monitorinqin birinci və ikinci mərhələsini artıq başa çatdırmışdır. İnsan alveri qurbanlarının ədalət mühakiməsinə və effektiv müdafiə vasitələrinə çıxışı üzrə tematikaya diqqət yetirməklə monitorinqin üçüncü raundunun 2022-ci ildə başlanması gözlənilir.

2020-ci ildə Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə 2020-2024-cü illər üçün yeni Milli Fəaliyyət Planı qəbul edilmişdir. Bu sənədin hazırlanması zamanı GRETA-nın əvvəlki qiymətləndirmə raundlarında irəli sürülmüş tövsiyələr nəzərə alınmışdır. Tədbirlər Planının məqsədi insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığını təmin etmək, dövlət orqanları arasında qarşılıqlı fəaliyyətin səmərəliliyini artırmaq, Azərbaycan Respublikasının müvafiq beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini təmin etmək və bu işə vətəndaş cəmiyyəti subyektlərini cəlb etməkdən ibarətdir.

Avropa Şurasının Hüquq vasitəsilə Demokratiya üzrə Avropa Komissiyası (Venesiya Komissiyası) ilə əməkdaşlıq

Azərbaycanın Venesiya Komissiyası ilə əməkdaşlığının tarixi 1996-cı ildən başlayır. Komissiyanın 17-18 mart 1996-cı il tarixlərində keçirilən plenar iclasında Azərbaycan Avropa Şurasının bu mühüm orqanını təsis edən hissəvi sazişə üzv olmuşdur. Həmin vaxtdan Azərbaycan qanunvericiliyin təkmilləşdirilməsində və vacib qanun layihələrinin ekspertizasında Venesiya Komissiyası ilə əməkdaşlıq etmişdir.

Təhsil, mədəniyyət, gənclik və gender bərabərliyi sahəsində əməkdaşlıq

Bu vacib sahələrdə Avropa Şurası ilə əməkdaşlığa Azərbaycan quruma üzv qəbul olunmazdan əvvəl 1997-ci ildə Avropa Mədəniyyət Konvensiyasına üzv olmaqla başlamışdır.

Azərbaycanın bu sahələrdə əməkdaşlığı 2001-ci ildə üzv olandan bəri yüksəlməyə başlamışdır. Azərbaycanın yüksək səviyyəli nümayəndə heyəti bir sıra mühüm mədəniyyət və təhsil üzrə nazirlər səviyyəli konfranslarda iştirak etmişdir. Avropa Şurası Mədəniyyət məsələlərinə məsul olan Nazirlərin Konfransı 2-4 dekabr 2008-ci il tarixində Bakıda keçirilmişdir. “Mədəniyyətlərarası dialoq Avropada və qonşu bölgələrdə sülhün və davamlı inkişafın əsasıdır” adlı konfransda Avropa cəmiyyətləri daxilində və Avropa ilə qonşu bölgələr arasında mədəniyyətlərarası dialoqa dair əməkdaşlığı nəzərdə tutan “Bakı Prosesi”ni başladan Bakı bəyannaməsi qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Şurasının Baş katibi cənab Terri Devis də bu konfransda iştirak etmişlər.

24-25 may 2010-cu il tarixində Bakıda qadınlar və kişilər arasında bərabərlik məsələsinə məsul olan Nazirlərin Konfransı keçirilmişdir. Konfransda müvafiq qətnamə və fəaliyyət planını təsdiq edilmişdir.

2010-cu ilin sentyabrında Bakı İdman üzrə məsul olan Nazirlərin 18-ci Qeyri-rəsmi Konfransına da ev sahibliyi etmişdir. Konfransda Avropa Mədəniyyət Konvensiyasında iştirak edən 35 tərəfdən nazirlər və digər yüksək vəzifəli rəsmilər bir araya gəlmişdir. Konfransda "Nəticələrin manipulyasiyasına qarşı idmanın dürüstlüyünün təşviqi", "Yarışlarda iştirak edən idmançılara viza verilməsi", "İdman Konvensiyalarının Monitorinqi", "Ümumdünya Antidopinq Agentliyi daxilində Avropa dövlət orqanlarının təmsilçiliyi", "Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq" daxil olmaqla bir sıra mühüm məsələlər üzrə qərarlar qəbul edilmişdir.

 

Yenilənib: 16.05.2022

Arxiv üzrə axtarış