NÜMAYƏNDƏLİK

Azərbaycan Respublikasının Avropa Şurası (AŞ) yanında Daimi Nümayəndəliyi Azərbaycan Respublikası Hökuməti ilə 820 milyon vətəndaşa malik 47 Avropa ölkəsini özündə birləşdirən, insan hüquqları, demokratiya və qanunun aliliyinin təşviqi kimi ali məqsədə xidmət edən ən nüfuzlu regional təşkilat AŞ arasında birbaşa təmas nöqtəsidir.

Azərbaycan Respublikası ilə AŞ arasında əlaqələrin tarixi Azərbaycan Respublikası Parlamentinin «xüsusi dəvət edilmiş qonaq» statusu almaq üçün AŞ-yə müraciət etdiyi 1992-ci ildən başlasa da, ölkəmiz 2001-ci ildə tam hüquqlu üzv kimi bu təşkilata qoşulmuşdur və Daimi Nümayəndəlik həmin dövrdən etibarən ölkəmizdə insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının Avropa standartlarına uyğunlaşdırılması naminə ölkəmizlə təşkilat arasında əməkdaşlığı təmin etməkdədir.

Ötən dövr ərzində Azərbaycan qanunvericiliyi xeyli təkmilləşdirilmiş, hüquq və azadlıqların təmin edilməsində böyük irəliləyişə nail olunmuş, bu xüsusda AŞ-nin dəstəyi əvəzsiz olmuşdur. Azərbaycan Respublikası hazırda AŞ çərçivəsində qəbul edilmiş 60-dan artıq beynəlxalq müqavilənin iştirakçısıdır.

Azərbaycan Respublikası digər beynəlxalq tərəfdaşları ilə əməkdaşlığın ruhuna sadiq qalaraq Avropa Şurası ilə əməkdaşlığı da qarşılıqlı faydalılıq prinsipi əsasında irəlilətmiş, yalnız faydalanmaqla kifayətlənməmiş, malik olduğu təbii üstünlüklər hesabına Avropa Şurasına öz töhfəsini verməyə çalışmışdır. Multikulturalizm və mədəniyyətlərarası dialoqa verdiyimiz töhfələr təsadüfi deyildir ki, AŞ terminologiyasını "Bakı prosesi" termini ilə zənginləşdirmişdir. Azərbaycan həmçinin 2014-cü ilin ikinci yarısında yarım il müddətinə AŞ Nazirlər Komitəsinə həyata keçirdiyi sədrliyi vasitəsilə, müəyyən etdiyi prioritet sahələr, o cümlədən korrupsiyaya qarşı mübarizə, mədəni cəhətdən müxtəlif cəmiyyətlərin gücləndirilməsi, sosial birlik və sosial davamlılığın təmin edilməsi, gənclərin öz hüquqlarından istifadə imkanlarının təmin edilməsi sahələrində əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini vermişdir.

Arxiv üzrə axtarış