2024-05-29

Strasburqda Müstəqillik Günü qeyd olunub

28 May – Müstəqillik Günü Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Strasburqda təntənəli şəkildə qeyd olunub.

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç və təşkilatın digər rəsmiləri, habelə diplomatik korpusun, Azərbaycanın və yerli ictimaiyyətin nümayəndələrinin qatıldığı tədbir musiqi təhsilini Parisdə davam etdirən istedadlı azərbaycanlı pianoçu Eldəniz Ələkbərzadənin ifasında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov tədbiri açaraq, Azərbaycan xalqının müstəqillik tarixindən, bu amal uğrunda mübarizəsindən danışıb.

Bildirilib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.

Daimi nümayəndə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını, Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini vurğulayıb.

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqının sevincini bölüşdüyünü deyərək, xalqımızı bu münasibətlə təbrik edib. O, Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olduğunu və ötən illər ərzində AŞ-nin siyasət və qərarlarının formalaşmasında bərabər tərəfdaş kimi iştirak etdiyini vurğulayıb.

Sonra bu ilin sonunda Bakının ev sahibliyi edəcəyi COP29 konfransına dair video nümayiş olunub.

Tədbir pianoçu Eldəniz Ələkbərzadənin Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı ilə davam edib.

AZƏRTAC

Arxiv üzrə axtarış