2024-03-22

Strasburqda Novruz bayramı konsert proqramı ilə qeyd olunub

Strasburqda Avropa Şurası yanında daimi nümayəndəliyimiz tərəfindən Novruz bayramı münasibətilə konsert proqramı təşkil olunub.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə keçirilən konsertin izləyiciləri arasında Avropa Şurası yanında diplomatik korpusun, təşkilatın katibliyinin, yerli ictimaiyyətin və habelə Azərbaycan icmasının nümayəndələri olublar.

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov çıxış edərək, Novruz bayramı və xalqımızın milli-mədəni irsi barədə iştirakçılara məlumat verib. O, Azərbaycan xalqı üçün əziz bayram olan Novruzun yazın gəlişi və təbiətin oyanışının rəmzi olduğunu, insanların daha firavan gələcəyə yeni ümidlərini təcəssüm etdirdiyini, eləcə də həmrəylik, qarşılıqlı hörmət və anlaşma dəyərlərini təbliğ etdiyini bildirib. Daimi nümayəndə 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etdiyini, 2016-cı ildə isə Novruzun UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunduğunu xatırladıb.

Strasburqun tarixi “Bayramlar Sarayı”na toplanan iştirakçılara piano ifaçısı, Berklee Musiqi Kollecinin məzunu, bir çox beynəlxalq müsabiqələr laureatı, Montrö Caz Festivalında “Tamaşaçı rəğbəti” diplomuna layiq görülmüş Azərbaycan Respublikasının Əməkdar artisti Emil Əfrasiyab, mahir qarmon və akkordeon ifaçısı, Xalq artisti Ənvər Sadıqov, Əməkdar artist, tanınmış tarzən Ələkbər Ələkbərov, Əməkdar artist, zərb alətləri ustası İsgəndər Ələsgərov və istedadlı gənc, bas gitara ifaçısı Elvin Nəbiyev tərəfindən etno-caz musiqi proqramı təqdim olunub.

 

Arxiv üzrə axtarış