2024-01-20

Qanlı Yanvar şəhidlərinin xatirəsi Strasburqda anılıb

Qanlı 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyində Strasburqda yaşayan Azərbaycan icmasının üzvlərinin iştirakı ilə anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi uğrunda mübarizədə canlarından keçən həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən daimi nümayəndə Fəxrəddin İsmayılov ölkəmizin müstəqillik mübarizəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələrdən söz açıb, Qanlı Yanvarın xalqımızın qəhrəmanlığının, yenilməz iradəsinin rəmzinə çevrildiyini söyləyib. O, üstündən uzun illər keçməsinə baxmayaraq, sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğının ağrı-acısının unudulmadığını və şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını bildirib. Daimi nümayəndə həmin günlərdə Azərbaycanın üzləşdiyi informasiya blokadasının yarılmasında Ulu Öndər Heydər Əliyevin faciənin səhəri günü Moskvada verdiyi tarixi bəyanatın əhəmiyyətini vurğulayıb, onun Sovet İttifaqı rəhbərliyini qınayan cəsarətli sözlərinin xalqımızın gələcəyə olan inamını gücləndirdiyini qeyd edib.

F.İsmayılov ölkəmizə ərazi iddialarının irəli sürülməsi və Ermənistandan azərbaycanlıların zorla qovulması ilə başlayan, 20 Yanvar faciəsi və hərbi işğalla davam edən məşəqqətli tarixi dövrün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpası ilə sona çatdığını, xalqımızın və ölkəmizin qarşısında artıq yeni bir dövrün açıldığını deyib.

Azərbaycan icmasının üzvü Mustafa Alınca 1990-cı il Yanvar hadisələrindən sonra Strasburqda Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə aparılan fəaliyyətlərdən danışıb, məhz bu faciənin azərbaycanlıların təşkilatlanmasını zərurətə çevirdiyini deyib.

Çıxışlardan sonra Azərbaycan Televiziyasının hazırladığı və Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.

Arxiv üzrə axtarış