2023-12-12

Strasburqda Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayilov ölkəmizin ən yeni tarixinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Bildirib ki, 1993-cü ildə Azərbaycan xalqı öz taleyini yenidən Ulu Öndərə həvalə edəndə dövlətçiliyimiz uçurum astanasında olub. Yalnız Heydər Əliyev dühası ölkəmizi və xalqımızı qaçılmaz görünən sarsıntılardan xilas edib. Həmçinin, F.İsmayılov Ulu Öndərin müstəqilliyimizin dönməz xarakter alması, azərbaycançılıq ideologiyasının təşviqi və milli şüurun dirçəlişi, böhran içində olan iqtisadiyyatımızın inkişafı və silahlı qüvvələrimizin möhkəm bünövrələr üzərində yenidən qurulması məqsədilə apardığı tarixi fəaliyyətindən danışıb. O, torpaqlarımızın işğaldan azad olunması istiqamətində Ümummilli Liderin başladığı işin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən tarixi Zəfərlə başa çatdırıldığını və Ulu Öndərin 100 illiyinin qeyd olunduğu 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu vurğulayıb.

Tədbirdə TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın müəllifi olduğu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Liderin ürəyi” sənədli filmi nümayiş olunub.

 

Arxiv üzrə axtarış