2023-11-07

Strasburqda “8 Noyabr - Zəfər Günü” tədbiri keçirilib

“8 Noyabr - Zəfər Günü” Fransanın Strasburq şəhərində musiqili tədbirlə qeyd olunub. Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşkil etdiyi tədbirdə Azərbaycan icmasının üzvləri və ölkəmizin dostları iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və tarixi zəfəri öz qanı və canı bahasına xalqımıza bəxş edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edildikdən sonra tədbirdə açılış nitqi ilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İşmayılov çıxış edib. O, Ermənistanın Azərbaycanın tarixi torpaqlarına əsassız iddialarının ardınca ərazilərimizin 20 faizini işğal etməsini və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımızın didərgin düşməsini xatırladaraq, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsinin Azərbaycan dövləti və xalqı üçün bir ölüm-dirim mübarizəsi olduğunu qeyd edib. F.İsmayilov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birlik və bərabərliyi sayəsində üzləşdiyimiz işğala son qoyulduğunu bildirib və ötən dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində verilən taleyüklü qərarlar və onların nəticəsində əldə olunan tarixi nailiyyətlər barədə danışıb.

Tədbirdə həmçinin Strasburqda işgüzar səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbərinin müavini Kamal Cəfərov çıxış edib. Qonaqları həm Zəfər Günü, həm də Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edən K.Cəfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını yüksəltməyi ilə Azərbaycanın bütövləşdiyini vurğulayıb. Azərbaycanın hazırda tarixdə olmadığı qədər güclü, bütöv və müstəqil olduğunu bildirən K.Cəfərov əlavə edib ki, gələcəyimiz hələ indi başlayır və bunun üçün də möhkəm təməllərimiz vardır.

Bundan başqa, tədbir iştirakçılarına 2020-ci il Zəfər Gününü həkk edən video görüntülər nümayiş etdirilib və Azərbaycandan gələn tanınmış DJ Kamran Qaralovun tərtib etdiyi musiqi proqramı təqdim olunub.

 

Arxiv üzrə axtarış