2023-06-13

Strasburqda “Heydər Əliyev irsi - Azərbaycan - Avropa Şurası münasibətlərinə tarixi baxış” mövzusunda konfrans təşkil edilib

Strasburqun “Sofitel” otelində Azərbaycanın Fransadakı səfirliyinin, Avropa Şurası yanında daimi nümayəndəliyinin, Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və Azərbaycan Fransa Məzunları Assosiasiyasının (AAAF) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev irsi - Azərbaycan - Avropa Şurası münasibətlərinə tarixi baxış” mövzusunda konfrans keçirilib. Tədbir üçün Strasburq “Sofitel” otelinin seçilməsi təsadüfi deyil. Ona görə ki, Ümummilli Lider Heydər Əliyev 1997-ci ildə Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının İkinci Zirvə Görüşündə iştirak üçün Strasburqa gəlmiş və məhz bu oteldə bir sıra rəsmi görüşlər keçirmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tədbiri giriş sözü ilə açaraq, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətin ən çətin anlarında onu tənəzzüldən xilas edərək, tərəqqi yoluna çıxardığını vurğulayıb. Səfir Azərbaycan-Fransa diplomatik əlaqələrinin qurulmasının tarixindən və Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı apardığı uğurlu siyasətdən danışıb.

Azərbaycanın Avropa Şurasına üzvlüyünün məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində mümkün olduğunu vurğulayan ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov bu yolda qət edilmiş maneələrdən bəhs edib və Avropa Şurasına üzvlüyümüz vasitəsilə ölkəmizin uzun illər ərzində üzləşdiyi hərbi işğalın beynəlxalq səviyyədə qınanması və habelə ədalətsizliyin ifşa edilməsi istiqamətində əldə olunmuş nailiyyətləri xatırladıb.

Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün uğurla yerinə yetirilməsinin şahidi olduğumuzu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin söylədiyi kimi 44 günlük Vətən müharibəsindəki Qələbəmizdə gənclər əsas rol oynamaqla bu uğurlu siyasəti müvəffəqiyyətlə davam etdirirlər. O, ölkəmizin hüdudlarından kənarda təhsil alan savadlı, bacarıqlı gənclərimizin də ölkəmizin maraqlarının müdafiəsində vacib işlər gördüyünü diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin üzvü, Azərbaycan Fransa Məzunları Assosiasiyası İctimai Birliyinin sədri və Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov Azərbaycan-Fransa əlaqələrinin qurulmasının tarixindən, beynəlxalq təhsil sferasının inkişafından və gənclərimizin xaricdə təhsil zamanı birliyinin önəmindən söz açıb.

Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) icraçı direktoru Rafael Hacıbəyli bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və azərbaycanlı gənclərin beynəlxalq qurumlarda ölkəmizi layiqincə təmsil etməsi və qərarverici rollarda iştirakının mənbəyi olan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təmsil etdiyi qurumun bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açan Rafael Hacıbəyli hazırda 10 xarici ölkədə fəaliyyət göstərən ASAP nümayəndəliklərinin gənclərin inkişafına olan müsbət təsirini vurğulayaraq, bildirib ki, faydalı layihələrin və nümayəndəliklərin sayı artırılacaq.

Tədbir iştirakçıları azərbaycanlı gənclərlə Fransada təhsil, təmsilçilik, yerli icmalarla əlaqələrin qurulması, magistr, doktorantura təhsili zamanı yaranan çətinliklər və ASAP tərəfindən Fransada keçiriləcək yeni layihələrlə bağlı fikir mübadiləsi aparıblar. Azərbaycanlı gənclərin təhsil aldıqları zaman yaranan problemləri dinlənilib. Ölkəmizin Fransada olan səfirliyi tərəfindən, eləcə də ASAP tərəfindən onlar üçün yaradılan imkanlardan danışılıb.

Sonda milli musiqimizin müşayiəti ilə tədbir iştirakçıları milli mətbəximizin ləziz təamlarına qonaq ediliblər.

 

 

AZƏRTAC

Arxiv üzrə axtarış