2023-05-10

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi Strasburqda qeyd olunub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 10 may tarixində Strasburqun Musiqi və Konqres Sarayında klassik konsert təşkil edilib.

           

Konsertdən əvvəl keçirilmiş tədbirdə ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış ediblər. Çıxışlarda anadan olmasının 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin bütün həyatı boyu xalqına xidmət etdiyi, ölkəmizin taleyüklü anlarında məsuliyyəti üzərinə götürərək Azərbaycanı tərəqqi və inkişaf yoluna çıxardığı, müasir müstəqil Azərbaycan dövlətçiliyinin təməli üçün yorulmadan çalışdığı və Azərbaycan xalqının bu dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etdiyi vurğulanıb. Eyni zamanda, məhz H.Əliyevin rəhbərliyi altında ölkəmizin 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunduğu xatırladılıb və hətta üzvlükdən öncə 1997-ci ildə Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 2-ci Zirvə Görüşündə müstəqil Azərbaycan dövlətini H.Əliyevin təmsil etdiyi diqqətə çatdırılıb.

 

Strasburqda keçirilən yubiley konsertində Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin (bədii rəhbər), Xalq artisti Yeganə Axundovanın (direktor) iştirakı və Əməkdar artist Fuad İbrahimovun (dirijor) rəhbərliyi ilə Bakı Kamera Orkestri görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət zəngin musiqi proqramı təqdim edib. Mədəni tədbirdə Avropa Şurasının rəsmiləri, Strasburqdakı diplomatik korpusun üzvləri ilə yanaşı, yerli ictimaiyyət və akademik dairələrin təmsilçiləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Böyük rəğbətlə qarşılanan konsert proqramı solist Orxan Cəlilovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə yekunlaşıb.

Arxiv üzrə axtarış