Novruz bayramı Avropa Şurasının mənzil-qərargahında və Strasburq kilsəsində də qeyd olunub
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi, Avropa Şurası yanında Daimi Nümayəndəliyimizin və Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində (Konqres) nümayəndə heyətimizin birgə təşkilatçılığı ilə Konqresin 44-cü sessiyası çərçivəsində Novruz bayramı münasibətilə mədəni tədbir keçirilib.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov nəsildən-nəslə ötürülən Novruz bayramının Azərbaycan xalqının ən əziz bayramlardan biri olduğunu qeyd edib. O, Novruzun yazın gəlişini və təbiətin oyanışını, daha firavan gələcəyə yeni ümidi ifadə etdiyini, eləcə də həmrəylik, qarşılıqlı hörmət və anlaşma dəyərlərini təbliğ etdiyini vurğulayıb. Daimi nümayəndə 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etdiyini, 2016-cı ildə isə Novruzun UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini xatırladıb.
Tədbirdə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Prezidenti Leendert Verbeek yeni ilin və yazın gəlişinin bayramı kimi Novruzun yeniləşmə, ümid və nikbinlik rəmzi olduğunu diqqətə çatdırıb və bu bayramın ideallarını bölüşdüyü üçün Azərbaycan tərəfinə təşəkkür edib. O, Avropanın zəngin mədəni irsinin bir hissəsi kimi Novruzun həm də müxtəlifliyin əhəmiyyətini və möhkəmliyini nümayiş etdirdiyini söyləyib.
Azərbaycanın Konqresdəki nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin üzvü Anar İbrahimov Novruzun keçmiş və gələcək arasında möhkəm körpü olmaqla yanaşı, həm də mədəni müxtəlifliyə hörmət əsasında yanaşılmaqla ümumi dəyərlərin və adət-ənənələrin qorunmasının rəmzi olduğunu, eləcə də sülhü, harmoniyanı, həmrəyliyi və firavanlığı təcəssüm etdirdiyini bildirib.
Tədbir konsert proqramı ilə davam edib. Eldəniz Məmmədov və Kamilə Nəbiyeva Elman Sadıqov (tar), Şəhriyar Musayev (kamança) və Ramil Məhərrəmovun (nağara) müşayiəti ilə Azərbaycan xalq mahnılarını, təsniflərini, eləcə də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş muğam musiqisindən nümunələr ifa ediblər. Rəqqaslar Nuray Bayramlı və Ramil Bağırov Azərbaycan xalq rəqslərini məharətlə nümayiş etdiriblər. Tədbir iştirakçılarına Novruz şirniyyatları təqdim edilib.
Həmrəyliyin, eləcə də ehtiyacı olan insanlara şəfqətin Novruzun adətləri arasında olduğu nəzərə alınaraq, tədbir çərçivəsində Türkiyə və Suriyada bu ilin fevral ayında baş vermiş dağıdıcı zəlzələ qurbanlarına dəstək məqsədilə milli əşyaların və suvenirlərin xeyriyyə satışı yarmarkası təşkil edilib.
Novruz bayramı konserti Strasburqun mərkəzində yerləşən qədim Sən-Pyer-lö-Jön kilsəsində də konsert proqramı ilə qeyd edilib.
Avropa Şurasında və Strasburq kilsəsində təşkil edilmiş Novruz bayramı konsertlərində Avropa Şurasının bu şəhərdəki rəsmləri, Strasburqdakı diplomatik korpusun, eləcə də Konqresin üzvləri, yerli incəsənət və mədəniyyət dairələrinin nümayəndələri, Azərbaycan icmasının üzvləri iştirak ediblər. Musiqi proqramı Sən-Pyer-lö-Jön kilsəsində toplaşan geniş auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.