Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasının Əlavə Protokolu Azərbaycan tərəfindən imzalanıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə verilmiş səlahiyyət əsasında martın 20-də Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov tərəfindən Strasburqda, Avropa Şurasının Baş katibinin müavini Byorn Berqenin iştirakı ilə Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasının Əlavə Protokolu imzalanıb.
"Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyanın Əlavə Protokolu terrorçuluq məqsədi ilə birlik və ya qrupda iştirak, terror təliminə cəlb olunmaq, terrorçuluq məqsədi ilə xaricə səfər etmək və ya belə məqsədli səfəri təşkil etmək və maliyyələşdirməyi cinayət əməli kimi müəyyən edir, həmçinin sürətli məlumat mübadiləsini asanlaşdıran sutkada 24 saat fəaliyyət göstərən milli əlaqələndiricilər şəbəkəsinin yaradılmasını nəzərdə tutur.
Müvafiq dövlətdaxili ratifikasiya prosesi yekunlaşdıqdan sonra, bu Əlavə Protokol, onun 10-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasına münasibətdə qüvvəyə minəcək və ölkəmizin terrorçuluqla mübarizədə beynəlxalq əməkdaşlığa əlavə töhfə verməsinə xidmət edəcəkdir.