2023-01-26

Avropa Şurasında Azərbaycanın üzləşdiyi mina problemi ilə əlaqədar tədbir keçirilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində ölkəmizin üzləşdiyi mina problemi ilə əlaqədar “Humanitar minatəmizləmə fəaliyyəti: Sülhə və dayanıqlı inkişafa yol” mövzusunda tədbir təşkil edilib.

Məcburi köçkünlərin hüquq və təhlükəsizliyini təmin etmək məqsədilə humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyətini və Azərbaycanda davam edən minatəmizləmə prosesini dəstəkləmək üçün beynəlxalq əməkdaşlığın və yardımın səfərbər edilməsinin zəruriliyini vurğulamaq məqsədi daşıyan tədbirdə AŞPA üzvləri, Strasburqdakı diplomatik korpusun nümayəndələri, Avropa Şurası katibliyinin əməkdaşları və digər əlaqədar şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov Azərbaycanın dünyanın mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələrindən biri olduğunu və postmünaqişə dövründə bu ciddi humanitar problemin fəsadları ilə üz-üzə qaldığını diqqətə çatdırıb. O, işğaldan azad edilmiş ərazilərin kütləvi şəkildə minalarla çirklənməsinin genişmiqyaslı yenidənqurma və bərpa işlərinin sürətinə mane olduğunu, insanların həyat və təhlükəsizliyinə, bununla da yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşmasına ciddi təhlükə yaratdığını vurğulayıb. 2020-ci ilin noyabrında münaqişə başa çatdıqdan sonra həmin ərazilərdə mina partlayışları nəticəsində 282 insanın həlak olması və ya yaralanması faktının problemin ciddiliyini göstərdiyini söyləyib.

Daha sonra tədbirdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının məsul işçisi Sultan Hacıyev və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr, maarifləndirilmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov təqdimatla çıxış ediblər.

S.Hacıyev uğurlu humanitar minatəmizləmənin azad edilmiş ərazilərin bərpa və yenidənqurulmasının başlıca şərtlərindən biri olduğunu vurğulayaraq, Azərbaycan hökumətinin bu sahədə davamlı səylərindən danışıb. O, minalar və partlamamış hərbi sursatlar probleminin həllinin regionda inkişaf və sabitlik üçün böyük əhəmiyyətinin olduğunu vurğulayıb.

R.Əzizov ölkəmizin üzləşdiyi bu problemin miqyası və mürəkkəbliyi, ANAMA-nın minatəmizləmə əməliyyatlarında tətbiq etdiyi qabaqcıl üsullar, bu sahədə əldə edilmiş nəticələr və çağırışlar haqqında auditoriyaya məlumat verib.

Çıxışlarda və habelə auditoriyanın suallarına cavablarda minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti prioritet sahələrdən biri kimi ayrıca olaraq diqqətə çatdırılıb.

Tədbirə yekun vuran S.Seyidov xüsusilə natiqlərin təqdimatında bəhs edilən, bölgəmizdə münaqişə bitdikdən sonra 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların Laçın yolu vasitəsilə Azərbaycan ərazilərinə gətirilməsi faktını bir daha diqqətə çatdırıb və bu mühüm faktın Laçın yolu ətrafında Azərbaycan əleyhinə aparılan kampaniya kontekstində hər kəs tərəfindən ciddi nəzərə alınmalı olduğuna dair AŞPA və digər beynəlxalq təsisatlara çağırış edib.

 

AZƏRTAC

Arxiv üzrə axtarış