Avropa Şurasında daha bir erməni riyakarlığına və saxta iddialara tutarlı cavab verilib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin oktyabrın 13-də keçirilən iclasında Ermənistan nümayəndə heyəti rəhbərinin komitəyə xüsusi məktubla müraciət etdiyi, həmin müraciətdə son aylarda Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmalar zamanı guya bir neçə məktəbin dağıldığı, mədəni irsə ziyan dəydiyi göstərilərək bu məsələnin müzakirəyə çıxarılması istənilib.
Erməni nümayəndələrinin bu saxta məlumatına etiraz edərək Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bütün yazılanların saxta, yoxlanılmamış iddialar olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın törətdiyi hərbi təxribatın qarşısını almaq, onların atəş nöqtələrini susdurmaq üçün cavab atəşi ilə hər hansı bir obyektə ziyan dəyibsə, bunun ilk günahkarı təxribatı törətmiş tərəf - Ermənistandır.
Qarşı tərəfin cari ilin sentyabr ayında erməni hərbi təxribatı zamanı guya məktəblərə ziyan dəyməsi ilə bağlı iddiasına cavab olaraq bildirib ki, hərbi münaqişə əsnasında mədəni irsə və təhsilə dəymiş ziyanlardan söhbət gedərsə, bu barədə danışmağa Ermənistanın heç bir haqqı yoxdur. Azərbaycanın 20 faiz ərazisinin 30 ilə yaxın müddətdə erməni işğalı altında olduğu dövrdə zəbt edilmiş torpaqlardakı mədəni irsə qarşı Ermənistanın apardığı dağıdıcı siyasətin təfərrüatlarına toxunan Rafael Hüseynov deyib ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı müddətdə yalnız maddi və mədəni irsə vurulmuş zərərin miqdarı ilkin hesablamalara görə 88 milyarddan çoxdur. 1990-cı illərin əvvəllərinə olan statistikaya görə işğal edilmiş Azərbaycan ərazilərində 2625 abidə qeydə alınmışdır ki, onlardan 11-i beynəlxalq əhəmiyyətli, 240-ı milli əhəmiyyətli və 455-i isə yerli əhəmiyyətli olmaqla ümumilikdə 706-sı dövlət tərəfindən mühafizə edilirdi. Bütün bu abidələrin hamısı tamamilə məhv edilib. Azərbaycanlı deputat işğal altında olmuş ərazilərimizdə erməni silahlı qüvvələri tərəfindən tamamilə məhv edilmiş kitabxanalar, muzeylər, məktəblər haqqında ətraflı məlumat verərək 30 il müddətində minlərlə azərbaycanlı uşaqların təhsilsiz qalmasından, təhsil sisteminə vurulan zərbədən danışıb. O, əvvəlki illərdə Avropa Şurasının Mədəniyyət, elm, təhsil və media komitəsinin xətti ilə faktlar əsasında dəfələrlə rəsmi sənədlər hazırlandığını xatırladıb.
Azərbaycanlı deputat 2020-ci ildə Azərbaycanın Zəfər çaldığı 44 günlük müharibə zamanı Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq ölkəmizdə mülki yaşayış məkanlarını, məktəbləri raketlərlə hədəfə aldığını, nəticədə 54 məktəbin dağıdıldığını, 6-10 yaş arasında 10 məktəblinin faciəvi şəkildə həlak olduğunu, 16-sının isə ağır yaralandığını vurğulayıb.
“Hərbi münaqişənin mədəni irsə, təhsilə vurduğu zərərləri müzakirə etmək lazım gələrsə, ermənilərin uydurduğu məsələlər deyil, məhz Ermənistanın 30 illik işğal dövründə Azərbaycan mədəni irsi və təhsilinə qarşı törətdiyi dəhşətli cinayət faktları, ilk növbədə, müzakirə olunmalıdır”, - deyə R.Hüseynov diqqətə çatdırıb.