2022-10-14

Səməd Seyidov: Azərbaycan Prezidentinin güclü siyasətinə, regionda yaratdığı yeni reallığa arxalanaraq, ölkəmizin mövqeyini təqdim edərək qəbul etdiririk

AŞPA-nın payız sessiyası gərgin müzakirələrlə keçdi. Azərbaycanın milli maraqlarını, onun mövqeyini və haqq sözünü çatdırdıq.

Vurğulamalıyam ki, Prezident İlham Əliyevin son görüşlərinin, xüsusilə də Praqa səfərinin bu sessiyanın gedişinə, eləcə də mövqeyimizin gücləndirilməsinə böyük təsiri oldu.

Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində deyib. Bildirib ki, Azərbaycanın güclü siyasi mövqeyi təqdim edilərək sessiya zamanı erməni lobbisi, onların havadarlarının ölkəmizə qarşı hücumlarının qarşısı alınıb. “Onlar çox çalışdılar ki, Avropa Şurasının adından hər hansı bir sənəd qəbul olunsun, ancaq onların bu cidd-cəhdi yalnız məruzəçiləri tərəfindən bir-iki sözün səsləndirilməsi ilə nəticələndi. Məruzələri, eləcə də müzakirələri istədikləri kimi dəyişdirməyə, onlara uyğun şəkildə adlandırmağa cəhd edirdilər, ancaq alınmadı. Çox çalışdılar xüsusi bir məruzə qəbul olunsun, bu cəhdləri də rədd edilərək iflasa uğradı. Çox çalışdılar ki, Avropa Şurasının rəhbərliyi tərəfindən Azərbaycana qarşı qeyri-obyektiv çıxış edilsin, ancaq bu da alınmadı. Yeni də bir-iki erməni deputatı, onların “dostları”, ətraflarında olan bəzi fransız siyasətçilərin belə cəhdləri fiasko ilə nəticələndi”, - deyə S.Seyidov bildirib.

Qeyd edib ki, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin bütün üzvləri birlikdə ölkəmizdə mövcud həqiqətləri, reallıqları avropalı parlamentarilərə çatdıraraq, Azərbaycan Prezidentinin güclü siyasətinə, regionda yaratdığı yeni reallığa arxalanaraq, ölkəmizin mövqeyini təqdim edərək qəbul etdiriblər. Bu prosesin getdikcə daha da genişlənəcəyinə əminik.

AZERTAC

 

Arxiv üzrə axtarış