Strasburqda 27 Sentyabr- Anım Günü ilə əlaqədar tədbir təşkil olunub
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən 27 Sentyabr -Anım Günü Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyində də keçirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Strasburqdakı Azərbaycan icmasının, eləcə də yerli ictimaiyyətin üzvləri iştirak ediblər.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov çıxış edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə müzəffər Ordumuzun rəşadəti sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsinin və uzun illər davam etmiş bu ədalətsizliyə son qoyulmasının xalqımızın tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıb. Bu salnamənin 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü və işıqlı gələcəyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını və onların şücaətinin hər zaman dərin minnətdarlıq hissi ilə anılacağını bildirib.
Ombudsman Səbinə Əliyeva Azərbaycanın müasir tarixində çox önəmli yer tutan 27 Sentyabr – Anım Gününün zəfər qürurunu bizə yaşadan şəhidlərimizin xatirəsinə həsr olunduğunu, onları əbədi yaşatmaq üçün təsis olunduğunu diqqətə çatdırıb. Ombudsman münaqişə dövrünə nəzər salaraq, onun nəticəsində minlərlə soydaşımızın həlak olması, əlillik qazanması, itkin düşməsi ilə yanaşı, bir milyona yaxın soydaşımızın doğma torpaqlarından qovulduğunu, əzab və çətinliklərlə dolu qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olduqlarını xatırladıb. O, bu günə qədər 4000-ə qədər azərbaycanlının itkin düşdüyünü, bu şəxslərin taleyinə aydınlıq gətirilməsinə Ermənistanın göstərdiyi etinasızlığı təəssüflə qeyd edib. İnsan Hüquqları üzrə müvəkkil Vətən müharibəsi başlandığı tarixdən etibarən ombudsman olaraq tərəfindən Ermənistanın hücumlara məruz qoyduğu mülki yaşayış məntəqələrində, eləcə də dağıntılar törətdiyi və minalar basdırdığı azad edilmiş ərazilərdə yerində faktaraşdırıcı missiyalar həyata keçirildiyini, onların nəticələri əsasında hazırlanmış hesabatların geniş şəkildə yayıldığını bildirib. S. Əliyeva hazırda Azərbaycan xalqının Böyük Qayıdış sevinci yaşadığını, Qarabağın dirçəlməsinə şahidlik etdiyini qürur hissi ilə qeyd edib.
Tədbirdə 44 günlük Vətən müharibəsindən hazırlanmış film nümayiş olunub.
Anım tədbiri Prezident təqaüdçüsü, Alfred Korto adına Paris Ali Musiqi Məktəbinin tələbəsi, beynəlxalq müsabiqələr laureatı, fleytaçı Ağarəhim Quliyevin ifasında musiqi proqramı ilə davam edib.