Müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Çünki xalqımız çox yaxşı bilir ki, bu gün ölkəmizin dünyada sayılıb-seçilməsinin əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illəri çox yaxşı xatırlayıram. Bütün hadisələr gözlərim qarşısında baş verib. O dövrdə baş verən qarşıdurmanın, daxili qruplaşmanın, digər tərəfdən də ölkəmizin müstəqilliyini gözü götürməyən xarici qüvvələrin müdaxiləsinin qarşısı alınmasaydı, kim bilir, Azərbaycanın taleyi necə olacaqdı. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində xalqın ulu öndər Heydər Əliyevə etimad göstərməsi müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Ç.Qənizadə o dövrdə baş verən hadisələrin canlı şahidi kimi, deyib ki, ölkədə birincilik davası hər şeyi yaddan çıxarmışdı. Buna görə də anarxiya, xaos, özbaşınalıq, ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni silahlı qruplaşmaların qanunsuz hərəkətləri əhalini təngə gətirmişdi. 1991-1993- cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Xalq qanı və canı bahasına əldə etdiyi müstəqilliyin məhvə doğru getdiyini hiss etdikdən sonra çıxış yolunu ulu öndər Heydər Əliyevi ölkəyə rəhbərliyinə dəvət etməkdə gördü. Vəzirov-Mütəllibov rejimi, daha sonra AXC-Müsavat cütlüyünün qeyri-peşəkar idarəçiliyi bir daha təsdiqlədi ki, xalqı arxasınca apara biləcək, dövlət idarəçiliyində zəngin təcrübəsi olan liderə böyük ehtiyac var. Bu Lider yalnız Heydər Əliyev idi.
Hüquq müdafiəçisi bildirib ki, 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalq öz seçimini etdi: “Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider müstəqilliyini yenicə bərpa etmiş ölkəmizi böyük bəlalardan, faciələrdən xilas etdi. Ulu Öndərin qətiyyəti sayəsində ölkədə tədricən sabitlik yaradıldı. Qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, nizami ordu yaradılması istiqamətində qətiyyətli addımlar atıldı. Ölkəmiz iqtisadi inkişaf və tərəqqi yoluna qədəm qoydu. Azərbaycanın beynəlxalq əlaqələri getdikcə möhkəmləndirildi, qlobal enerji-kommunikasiya layihələrinin reallaşdırılması ilə Vətənə sədaqətlə xidmətin əyani nümunəsi yaradıldı”.
Bütün fəaliyyəti ilə andına və xalqına sadiq qalan Ulu Öndərin prezident seçiləndən sonra andiçmə mərasimindəki nitqindən bəzi məqamları xatırladan Ç.Qənizadə bildirib ki, Heydər Əliyev həmin günün özü üçün tarixi, əlamətdar bir gün olduğunu bildirib. Ulu Öndər ona göstərilən bu böyük etimada görə soydaşlarımıza hörmət və məhəbbətini bildirmiş və ömrünün sonuna qədər xalqına sədaqətlə xidmət edəcəyini, bütün fəaliyyətini Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyini diqqətə çatdırmışdı.
Ç.Qənizadə deyib ki, həmin vaxtdan başlayaraq, Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması yeni mərhələyə qədəm qoydu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanılması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. “Yeri gəlmişkən, Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi sayəsində ordu quruculuğunun inkişafı prioritet vəzifə kimi qarşıya qoyulmuşdu. Torpaqlarının 20 faizinin işğal altında olan ölkə üçün ordunun inkişafı prioritet vəzifədir. Bu gün xalqımız, eləcə də dünya azərbaycanlıları, o cümlədən beynəlxalq ictimaiyyət bu inkişafın nümunəsinin şahidi oldular. Rəşadətli Ordumuz Ermənistanın 30 illik işğalına son qoyaraq Azərbaycan tarixinə yeni salnamə yazdı və tarixi Qələbə qazanaraq hazırda dünyanın ən güclülərindən olduğunu sübut etdi”, - deyə Çingiz Qənizadə əlavə edib.
Komitə sədri diqqətə çatdırıb ki, bu gün Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmasında və qalib ölkə kimi tanınmasında Heydər Əliyev siyasi kursunun və bu kursu layiqincə davam etdirən Prezidentimiz İlham Əliyevə minnətdarıq. Ulu Öndərin əsasını qoyduğu strategiyanın uğurla davam etdirilməsi bu gün Azərbaycanı dünyada qalib ölkə kimi tanıdıb.