2022-09-14

Ceyhun Bayramov: Azərbaycan Ermənistanla siyasi-diplomatik müstəvidə normallaşma prosesində maraqlıdır

Sentyabrın 14-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında növbəti telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində davam edən gərginlik barədə məlumat verib və yaranmış vəziyyətdən Azərbaycan tərəfinin ciddi narahatçılığını qarşı tərəfin diqqətinə çatdırıb.

Sentyabrın 13-də əldə olunmuş atəşkəsə baxmayaraq, Ermənistan tərəfinin razılığı pozaraq mövqelərimizə hücum etməkdə davam etdiyi, hərbi qulluqçularımızın həlak olduğu vurğulanıb. Azərbaycanın yalnız Ermənistan tərəfinin hücumlarına qarşılıq verdiyi və hərbi birləşmələrini hədəf aldığı qeyd edilib. Ermənistanın qeyd-şərt olmadan atəşkəsə əməl etməsinin, təxribatlardan çəkinməsinin və problemlərin danışıqlar yolu ilə həll edilməsinin əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycanın Ermənistanla siyasi-diplomatik müstəvidə normallaşma prosesində maraqlı olduğu bildirilib.

Karen Donfrid bölgədə artan gərginlikdən narahatlığını diqqətə çatdırıb, ABŞ tərəfinin hərbi əməliyyatların dərhal dayandırılacağını və atəşkəsə əməl olunacağını gözlədiyini bildirib. Sabitliyin təmin olunmasının və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etməsinin vacib olduğunu vurğulayıb.

AZERTAC

Arxiv üzrə axtarış