Leyla Abdullayeva: Londonda Azərbaycan səfirliyinə qarşı baş verən insident diplomatik nümayəndəliyə qarşı təxribatdır
Londonda Azərbaycan səfirliyinə qarşı baş verən insident radikal dini qrup üzvləri tərəfindən diplomatik nümayəndəliyə qarşı edilən hücumdur, təxribatdır və bu hadisə diplomatik nümayəndəliyimizin təhlükəsizliyi məsələsini ciddi şəkildə gündəmə gətirir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Birləşmiş Krallığın Avropa üzrə naziri Qraham Stüartın Azərbaycan Respublikasının bu ölkədəki səfiri ilə görüşü zamanı Londonda Azərbaycan səfirliyinə olan hücumla bağlı dərin təəssüf hissi keçirdiklərini, bu ölkədəki diplomatik heyətin təhlükəsizliyinə böyük əhəmiyyət verdiklərini bildirməsi, həmçinin fikir azadlığının dinc yollarla ifadə edilməsinin tərəfdarı olduqlarını söyləməsi” ilə bağlı fikrinə münasibət bildirərkən deyib.
“Bir daha xatırladırıq ki, diplomatik nümayəndəliklərin, o cümlədən diplomatların təhlükəsizliyi beynəlxalq öhdəliklərə uyğun olaraq ev sahibi ölkəsi tərəfindən təmin edilməlidir. Bununla əlaqədar olaraq, Britaniya nazirinin diplomatik heyətin təhlükəsizliyini prioritet məsələ kimi qeyd etməsi əhəmiyyət kəsb edir. O ki, qaldı “fikir azadlığının ifadə edilməsinə”, Londondakı səfirliyimizə hücumla heç bir əlaqəsi olmayan bu prinsipin azad cəmiyyətdə tətbiq edilməsi yollarına və ya qaydalarına yəqin ki, qədim Qərb demokratiyası olan Britaniyanın müvafiq qurumları yaxşı bələddirlər. Əks təqdirdə, hər hansı radikal və qeyri-qanuni addımın “azadlıq” pərdəsi altında şərh edilməsi ölkə təhlükəsizliyinə ciddi problemlər yarada bilər. Öz tərəfimizdən, Londondakı səfirliyimizə qarşı təxribatın ətraflı şəkildə araşdırılacağını və bu təxribatı törədənlərin məsuliyyətə cəlb ediləcəyini gözləyirik”, - deyə Leyla Abdullayeva qeyd edib.