Prezidentin köməkçisi: Azərbaycan regionda hərtərəfli sülhün tərəfdarıdır və bu xüsusda Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır
Azərbaycan regionda hərtərəfli sülhün tərəfdarıdır və bu xüsusda Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır. Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər də bilavasitə buna dəlalət edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan dünya miqyasında postmünaqişə reallıqları çərçivəsində çox nadir və miqyası görünməyən yenidənqurma layihəsi həyata keçirir. Bu işlər məhz Azərbaycan hökumətinin öz səyləri, öz resursları, özünün bürokratik idarəetmə mexanizmi çərçivəsində reallaşdırılır. Beynəlxalq ictimaiyyət və diplomatik korpus tərəfindən də bu məsələyə ciddi maraq var. Çünki Azərbaycanın bu təcrübəsi dünyanın başqa regionlarında da tətbiq oluna bilər.
“Bu yaxınlarda BMT, Avropa İttifaqı və Dünya Bankı tərəfindən postmünaqişə, bərpa və quruculuq konsepsiyasına uyğun olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə geniş faktaraşdırıcı missiya həyata keçirildi. Onlar bununla bağlı ətraflı hesabat hazırladılar. Orada diqqəti çəkən iki vacib məqam var - onlar özləri də beynəlxalq ictimaiyyətin nümayəndələri olaraq etiraf edirlər ki, birincisi, bu miqyasda dağıntı olmamışdır, ikincisi isə dağıntıya münasibətdə belə sürətlə yenidənqurma və tikinti layihəsi olmamışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycanın həyata keçirdiyi layihələr beynəlxalq ictimaiyyət tərəfindən də böyük diqqətlə izlənilir.