2022-08-31

Moskvada Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü keçirilib

Avqustun 30-da Moskva şəhərində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə müvafiq olaraq, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdən əvvəl Rusiya Federasiyası Hökumətinin sədrinin müavini A.Overçuk Ş.Mustafayev və M.Qriqoryan ilə görüşüb, komissiyaların işinin davam etdirilməsini alqışlayıb.

Tərəflər təşkilati və prosedur məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar.

Görüşün yaxşı təşkilinə görə Rusiya tərəfinə minnətdarlıq ifadə edilib.

Üçüncü görüşün razılaşdırılmış müddət ərzində keçirilməsinə dair razılıq təsdiqlənib.

AZERTAC

Arxiv üzrə axtarış