2022-06-21

Azərbaycanlı deputat AŞPA-da idman sahəsində diskriminasiyanın aradan qaldırılmasına dair tövsiyələr irəli sürüb

AŞPA yay sessiyası çərçivəsində qurumun müxtəlif komitələrinin də iclasları keçirilir. AŞPA-dakı nümayəndə heyətimizin üzvü Könül Nurullayeva qurumun Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin iclasında çıxış edərək, ölkəmizdə idman sahəsində təmin edilmiş gender bərabərliyindən danışıb və bu sahədə ayrı-seçkiliyə qarşı mübarizə aparmaq üçün təkliflərini irəli sürüb.

Qeyd edib ki, idmanda gender bərabərliyi uğrunda mübarizə apararaq, qadınların idman üstünlüklərindən istifadə etməsi üçün bərabər imkanlar yaratmağa nail olmaq mümkündür. Bu sahədə ölkəmizin təcrübəsini nümunə göstərərək bildirib ki, Azərbaycanda qadınlar idman və bədən tərbiyəsi ilə məşğul olmaq üçün bərabər hüquq və imkanlardan istifadə edirlər və bu sahədə heç bir məhdudiyyət yoxdur. Bütün idman obyektləri qadınlar və kişilərə eyni dərəcədə açıqdır. Bədən tərbiyəsi və idmanla məşğul olanların təxminən 40 faizini qadınlar təşkil edir. Deputat diqqətə çatdırıb ki, “Bədən tərbiyəsi və idman haqqında” Qanun, “Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Dövlət Proqramı”nın qəbulu, eləcə də “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi edilməsi haqqında” Konvensiyaya qoşulmaq Azərbaycanda kişilərlə bərabər şərtlər əsasında qadınların idmanda iştirakına öz töhfəsini verib.

Milli Məclisin deputatı idman sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına dair bir neçə tövsiyə irəli sürüb. Qeyd edib ki, qadınların və kişilərin eyni hüquqlardan istifadə etməsini təmin etmək üçün üzv dövlətlərdə milli səviyyədə bərabər rəftar siyasəti istiqamətində işlər görülməli və bu siyasətin dəstəyi ilə gender bərabərsizliyinin aradan qaldırılmasına yönəlmiş qanunvericilik bazaları yaradılmalıdır. Belə ki, qadın məşqçinin kişi həmkarından daha az məvacib almasına yol verməyən xüsusi mexanizm olmalıdır. Həmçinin, gender bərabərsizliyinin qarşısını almaq və qadınların vəziyyətini yaxşılaşdırmaq məqsədilə üzv dövlətlərin səlahiyyətli orqanları tərəfindən bir sıra müsbət tədbirlər görülməlidir. Bərabərliyə nail olmaq və idmanda ayrı-seçkiliyin mövcud formalarını aradan qaldırmaq məqsədilə mühüm tədbirlər həyata keçirilməlidir. Qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatları bu mövzu ilə bağlı fəaliyyətlərini genişləndirməli və narahatlıqlarını bildirməlidirlər. Bu cür qurumlar qadınlara qarşı ayrı-seçkilik haqqında ictimaiyyətin məlumatlılığını artırmaq və idman sektorunda bunun qarşısını almaq üçün institusional prosesləri daha dərindən araşdıra bilərlər.

Könül Nurullayeva tövsiyələrinin tətbiqinin idmanda qadınlara qarşı ayrı-seçkiliklə mübarizədə səylərin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

AZERTAC

Arxiv üzrə axtarış