2022-06-21

Səməd Seyidov AŞPA-da erməniləri sülh haqqında düşünməyə, regionda Azərbaycanın yaratdığı reallığı qəbul etməyə çağırıb

Həqiqətən də bu gün təhlükəsizlik əsas vacib məsələdir. Bu gün təkcə Avropada deyil, ümumiyyətlə dünyadakı qeyri-stabilliyin və təhlükənin əsas səbəbləri haqqında düşünməliyik. Bir ölkənin digər ölkəyə qarşı ərazi iddiaları, bir ölkənin digərinin ərazilərini işğal etməsi, xalqa qarşı etnik təmizləmə siyasəti, əsas insan hüquqlarını pozulması və bu təşkilatımız üçün qəbul edilməz digər faktorlar, problemlər.... Biz regionumuzda bütün bu faktorlarla üzləşmişik. Azərbaycanda bu sadaladığım faktorların hamısı ilə üzləşmişik, işğal altında olmuşuq, ərazilərimizi itirmişdik, etnik təmizləməyə məruz qalmışıq, bir milyon qaçqın və məcburi köçkünümüz oldu və hələ də var. Çox qeyri-stabil və təhlükəli vəziyyətdə olduq.

Ancaq Azərbaycan hər şeyi geri qaytarmağa, bərpa etməyə nail oldu. Beynəlxalq hüququ bərpa etdi. Regionda stabilliyi və təhlükəsizliyi bərpa etdi, Bu gün bütün qonşularımıza, ilk növbədə də Ermənistana sülh təklif edirik.

Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun yay sessiyasında “Təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu” adlı məruzəsinin müzakirələri zamanı söyləyib.

“Təəssüf olsun ki, erməni həmkarlarımız dünəndən burada hər şeyi, eləcə də regiondakı vəziyyəti baş-ayaq təqdim etməyə çalışırlar. Onlar regiondakı vəziyyəti tamamilə başqa formatda təqdim etməyə cəhd edirlər. Erməni həmkarlarıma məsləhətim var. Cəsarət tapın. Sadəcə, azərbaycanlı həmkarlarınızla bir stol ətrafında əyləşin. Yalnız sülh haqqında düşünün. AŞPA-da belə yanlış təqdimatlar, çıxışlar etmək haqqında düşünməyin. Bu gün regiondakı bütün ölkələrin -Gürcüstanın, Azərbaycanın və Ermənistanın iqtisadi inkişafı haqqında ciddi şəkildə düşünün. Bu cür düşünməklə yanaşı regiondakı bütün kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyasını reallaşdırsınlar. Azərbaycanın işğal altında olan torpaqları azad edildikdən sonra regionda yaranmış yeni reallığı qəbul etsinlər. Ən azında, öz xalqının gələcəyi haqqında ciddi düşünsünlər. Regionda qeyri-stabil və təhlükəli vəziyyət yaratmaq haqqında düşünməsinlər”,- deyə S. Seyidov erməni deputatları yanlış çıxışlar etməkdən uzaqlaşmağa, reallığı qəbul etməyə çağırıb.

AZERTAC

Arxiv üzrə axtarış