2022-05-18

Fransa portalında Azərbaycanın hərtərəfli inkişafı ilə bağlı məqalə dərc olunub

Multikultural, tolerant, polietnik və çoxkonfessiyalı, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan, konstitusiyasına əsasən dünyəvi ölkədir və bütün milli azlıqların mənəvi rifahını bərabər şəkildə təmin edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın “Musulmansenfrance” portalında Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, Paris Tədqiqatlar Ali Məktəbinin doktoru, bir çox beynəlxalq tədqiqat qruplarının üzvü Karim İfrakın “Azərbaycan: Siyasi sabitlik iqtisadi tərəqqinin təməli olanda” adlı məqaləsində yer alıb.

Məqalədə qeyd edilib ki, Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə üzləşib. Bununla bağlı olaraq 1993-cü ildə BMT Təhlükəsizlik Şurası bütün işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.

Bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad edib.

Məqalədə Azərbaycanın hərtərəfli inkişafında Prezident İlham Əliyevin töhfələri vurğulanıb. Ölkənin iqtisadi inkişafından, beynəlxalq arenada layiqli yerini tutmasından bəhs olunub.

Qeyd edilib ki, Sovet İttifaqı dağıldıqdan sonra iqtisadi göstəricilərinə görə Azərbaycan bir çox müşahidəçilər tərəfindən “Qafqazın pələngi” (Tigre du Caucase) adlandırılıb. Azərbaycanın Avropa və Asiya qitələrini birləşdirən yol infrastrukturundan və ölkəmizin iqtisadiyyatının uğurla şaxələndirilməsindən yazılıb. Bugünkü Azərbaycanın digər ölkələrə sərmayə yatırmasından bəhs olunub. Beynəlxalq şirkətlərin, o cümlədən 177 alman şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Xarici investisiyaların cəlb edilməsi üçün ölkədə münbit şərait yaradıldığı qeyd edilib.

AZERTAC

Arxiv üzrə axtarış