2022-04-19

Avropa İttifaqının nümayəndəsi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması məsələləri müzakirə edilib

Aprelin 19-da Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tərəflər Aİ Şurası Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin 6 aprel tarixli Brüssel görüşünün davamı olaraq, bölgədə mövcud olan cari vəziyyət, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, o cümlədən Brüssel görüşündə əldə edilən razılıqların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün normallaşma istiqamətində irəliləmə, o cümlədən delimitasiya prosesinin başlanması, sülh sazişinin hazırlanması, humanitar addımların davam etdirilməsi və bütün kommunikasiya xətlərinin açılmasının vacibliyi vurğulanıb.

AZERTAC

Arxiv üzrə axtarış