2022-04-22

Strasburqda AŞPA-nın yaz sessiyasının ikinci hissəsi keçiriləcək

Aprelin 25-dən 28-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının hibrid formatda ikinci hissəsi keçiriləcək. Sessiyanın əsas mövzusu Rusiya-Ukrayna münaqişəsinin nəticələrinə dair ümumi siyasi müzakirələr olacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti yaz sessiyasında iştirak edəcək.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella sessiyada çıxış edəcək və parlamentarilərin suallarını cavablandıracaq.

Həmçinin Avropa Şurası ilə Aİ arasında strateji tərəfdaşlığın gücləndirilməsi, Avropada əsl demokratiyanın qorunması və təşviqi, eləcə də müsadirə edilmiş cinayət aktivlərindən necə səmərəli istifadə etməyə dair hesabatlar müzakirə olunacaq. Gündəliyə əlilliyi olan insanların qeyri-institusionallaşdırılması, hüquq-mühafizə orqanları tərəfindən həddindən artıq və əsassız güc tətbiqinin qarşısının alınması, Gürcüstanın öhdəliklərinə əməl etməsinə dair məruzələr və digər məsələlər daxildir.

Sessiya çərçivəsində Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı 2021-ci il üçün illik fəaliyyət hesabatını təqdim edəcək və parlamentarilərin suallarını cavablandıracaq.

Sessiyanın gündəliyinə Avropa Şurası Parlament Assambleyasının üzvləri tərəfindən Avropa Şurasının Baş katibinə sual sessiyası, eləcə də Nazirlər Komitəsinin ənənəvi müraciəti də daxildir.

AZERTAC

Arxiv üzrə axtarış