2022-03-14

XİN: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı ölkəmizin mövqeyi aydın və ardıcıldır

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı Azərbaycanın mövqeyi aydın və ardıcıldır. Biz dəfələrlə bildirdiyimiz mövqeyi yenidən təkrar etməyə lüzum görmürük.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycanın iki dövlət arasında münasibətlərin normallaşmasına dair təklifləri ilə bağlı Ermənistanın xarici işlər naziri A.Mirzoyanın söylədiklərinə dair şərhində bildirilib.

Qeyd olunub ki, Azərbaycan münaqişə sonrası iki ölkə arasında münasibətlərin normallaşması və bölgədə sülh quruculuğu məsələlərinin vacibliyini nəzərə alaraq, bu xüsusda təkliflərini irəli sürüb və bu istiqamətdə irəliləməyə hazırdır.

Əgər Ermənistan da məsələyə ciddi şəkildə yanaşırsa, o zaman konkret təkliflərini təqdim etməli, beləliklə, substantiv və nəticəyə yönəlik danışıqlara başlamağa hazır olduğunu nümayiş etdirməlidir.

AZERTAC

Arxiv üzrə axtarış