2022-03-07

Azərbaycan Prezidenti: Azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesinə Fransanın verdiyi dəstəyi yüksək qiymətləndiririk

Müxtəlif sivilizasiyalara, mədəniyyətlərə və dinlərə mənsub xalqların tarixən birgə və mehriban yaşadığı Azərbaycan Respublikası xalqın iradəsi və maraqları əsasında müstəqil siyasət yürüdən dövlətdir. Azərbaycan öz tarixi, əzəli torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyaraq ərazi bütövlüyünü təmin etmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişdi. Otuzillik təcavüzün bitməsi yeni geosiyasi reallığa uyğun olaraq regionda əməkdaşlıq üçün imkanlar yaratmışdı. Bu baxımdan nəqliyyat-kommunikasiya xətlərinin açılması bölgəmiz üçün böyük iqtisadi perspektivlər vəd edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makrona ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar ünvanlandığı təbrik məktubunda yer alır.

“Hesab edirəm ki, Avropa İttifaqının hazırkı sədri qismində Fransanın təşəbbüsü ilə dördlü formatda keçirdiyimiz görüş və apardığımız danışıqlar regionda etimadın gücləndirilməsi, davamlı sülhün və sabitliyin təmin olunması üçün əlverişli imkan açmışdı.

Azərbaycan sülhün tərəfdarıdır. Biz ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq. Ermənistanın bu məsələdə konstruktiv mövqe nümayiş etdirməli olduğunun vacibliyini vurğulayaraq Fransanın regionun sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq”, - deyə məktubda qeyd olunur.

Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifənin çoxillik işğal nəticəsində dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpası olduğu bildirilən məktubda daha sonra deyilir: “Biz azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesinə Fransanın verdiyi dəstəyi yüksək qiymətləndiririk. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsi zamanı 4000-ə yaxın itkin düşmüş soydaşımızın taleyinin aydınlaşdırılması məsələsinə ölkənizin göstərdiyi diqqəti alqışlayırıq.

UNESCO-nun üzvü kimi və onun Nizamnaməsinə uyğun olaraq Azərbaycan təşkilatın missiyasını öz ərazisində qəbul etmək niyyətini son onilliklər boyu rəsmi şəkildə dəfələrlə bəyan etmişdi. UNESCO-nun missiyasını üzv ölkənin suverenlik hüququna hörmət əsasında ölkəmizdə tezliklə görməyə hazırıq”.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın şaxələndirilməsinə, eləcə də üzv ölkələr ilə əlaqələrin və dialoqun genişlənməsinə böyük önəm verir. Qarşıdan gələn aylarda ölkənizin Avropa İttifaqına sədrliyi çərçivəsində bu əlaqələrin daha da möhkəmlənəcəyinə inamımızı ifadə edirik.

AZERTAC

Arxiv üzrə axtarış