“France Soir” portalında fransalı deputatın Xocalı soyqırımına dair məqaləsi dərc olunub
Fransanın “France Soir” portalında hüquq elmləri doktoru, Strasburq vəkillər kollegiyasının üzvü Jan-Emmanuel Medinanın “Xocalı - 1992-ci il fevralın 26-da baş vermiş qırğından 30 il sonra: hansı xatirə?” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə sovet imperiyasının son illərində Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları nəticəsində baş verən münaqişənin 1 milyondan çox azərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsi və qovulmasına səbəb olduğu bildirilib. Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də bölgədə hərbi əməliyyatlar yenidən başlayıb. 44 günlük əməliyyatlardan sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında üçtərəfli atəşkəs sazişi imzalanıb. Bu tarixi saziş birinci müharibədən əvvəl mövcud vəziyyəti faktiki olaraq bərpa etdiyi üçün əsl dönüş nöqtəsi oldu.
Məqalədə bildirilib ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin döyüş meydanlarında ən çox yadda qalan və unudulmayan hadisəsindən – Xocalı qırğınından 30 il ötür. Yazıda Xocalının strateji mövqedə yerləşməsindən, Ermənistanın ərazi genişləndirmək siyasətinə mane olmasından söz açılıb: “Xocalı şəhəri münaqişədə strateji əhəmiyyət kəsb edirdi. Xankəndi ilə Ağdam arasında Əsgəran üzərindən keçən Şuşa yolunun şimal-cənub oxunda dağlar boyunca uzanan yolla kəsişən Xocalı dəmir yolu nəqliyyatında mühüm mərkəz idi və regionda yeganə hava limanına malik idi. Erməni hərbi qüvvələri Xocalı şəhərini ələ keçirməyə can atırdılar. Hücumdan bir neçə gün əvvəl radio vasitəsilə Xocalı şəhərinin boşaldılmasına dair çağırışlar göstərir ki, Ermənistan Azərbaycana qarşı müharibədə sadəcə qələbə çalmaq istəmirdi, şəhərləri tutmaq və sakinləri qovmaq istəyirdi”.
Bildirilib ki, heç bir xarici müşahidəçi, hətta Azərbaycan da Ermənistan hərbi qüvvələrinin beynəlxalq hüququn bütün qaydalarını kobud şəkildə pozacağını təsəvvür etmirdi. Əzəli - azərbaycanlı əhalisi qovulmuş Ermənistan Qarabağı işğal etmək, daha sonra isə uzunmüddətli əsaslarla işğal olunmuş əraziləri “böyük Ermənistan” layihəsinə daxil etmək və zaman keçdikcə müstəmləkələşdirmək üçün asan yollar axtarırdı.
Xocalı şəhərində erməni silahlı qüvvələrinin törətdiyi faciə barədə ətraflı məlumat verən J.-E.Medina yazıb ki, Qafqaz regionunun müasir tarixində amansız qırğına məruz qalan Xocalı Ermənistan-Azərbaycan münaqişəsinin episentrinə çevrilib.
Hücumun gedişinin ətraflı təsvir olunduğu məqalədə 1990-cı illərin əvvəllərində Orta Asiyadan qaçqın düşmüş Ahıska türkləri ilə birlikdə azərbaycanlılardan ibarət 6300 nəfər əhalisi olan Xocalı dəfələrlə bombardmana və blokadaya məruz qalıb. İşıq, qaz və su olmayan şəhər yüngül silahlanmış 160-a yaxın özünümüdafiə qüvvələri tərəfindən müdafiə olunurdu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı Qafqaz regionunun müasir tarixində misilsiz qırğına məruz qalaraq Ermənistan-Azərbaycan münaqişəsinin episentrinə çevrildi. Erməni qüvvələri tərəfindən mühasirəyə alınan Xocalı şəhəri bir gecədə yerlə-yeksan edildi. Həmin qanlı fevral gecəsində erməni silahlı qüvvələri tərəfindən mühasirəyə alınmış Xocalı şəhid şəhər oldu. Qırğın Azərbaycanın digər ərazilərində sığınacaq tapmaq istəyən mülki əhalinin tədricən çıxarılması zamanı baş verib. Erməni hərbi qüvvələrinin qəzəbi sonra evlərində qalan onlarla ailənin üzərinə çevrilib. Hücum nəticəsində 613 sakin, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülən 1275 nəfərdən 197-nin taleyi indiyədək məlum deyil. Mülki insanlar diri-diri yandırılıb, başlarının dərisi soyulub, başları kəsilib, gözləri çıxarılaraq öldürülüb.
Fransalı vəkil qeyd edib ki, ölkəsinin bəzi rəsmiləri ermənipərəst mövqe tutsalar da, rəsmi Paris BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini qeyd-şərtsiz imzalayıb. Fransa Ermənistan-Azərbaycan münaqişəsində həmişə beynəlxalq hüququn yanında olub və Azərbaycan dövlətinin suverenliyini təmin olunmasının vacibliyini ifadə edib.
“Ermənistan Xocalı qətliamını etiraf etdiyi üçün Parisin xocalıların yaşamış olduğu əzablarla bağlı fikrini söyləməsinin vaxtı çatıb”, - deyə fransalı vəkil ölkəsini Xocalı qətliamını tanımağa çağırıb. O, Xocalı qətliamının tanınması ilə bağlı hüquqi əsasları da oxucuların diqqətinə çatdırıb.