2022-01-03

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının gündəliyi açıqlanıb

Strasburqda yanvarın 24-dən 28-dək Avropa Şurası Parlament Assambleyasının qış sessiyası hibrid formatda keçiriləcək.

AZƏRTAC xəbər verir ki, qış sessiyasının açılışında AŞPA-nın yeni prezidenti seçiləcək. Sessiya çərçivəsində Yunanıstan prezidenti Katerina Sakellaropulunun çıxışı gözlənilir. Sessiya çərçivəsində Avropa Şurası Nazirlər Komitəsinə İtaliyanın sədrliyi ilə mütəmadi olaraq fikir mübadiləsi aparılacağı bildirilir. Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin hesabatı dinləniləcək.

AŞPA qış sessiyasının gündəliyində insan hüquqları nöqteyi-nəzərindən miqrasiya və sığınacaq üzrə Avropa İttifaqı Paktı, demokratiyada iştirak sahəsində uşaq hüquqları, iqlim dəyişikliyi ilə bağlı fəaliyyət, Avropa Şurası ərazisində məcburi itkin düşmələr, böhran dövründə medianın rolu və Ermənistanda demokratik təsisatların funksiyaları kimi məsələlər də yer alıb.

Avropada cinsi azlıqlara qarşı nifrətin artmasına və Cənubi Qafqazda onların hüquqlarının pozulmasına qarşı mübarizə, futbol idarəçiliyi- biznes və dəyərlərə dair FİFA prezidenti Covanni İnfantinonun çıxışı da sessiya gündəliyində diqqət çəkən məqamlardandır.

AŞPA-da yanvarın 27-də Holokost qurbanlarının xatirəsinə həsr edilmiş Beynəlxalq Gün qeyd ediləcək. Tədbirdən sonra Avropada Tarixin Tədrisi Observatoriyası ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.

AŞPA sessiyasının açılışında yekun gündəlik səsverməyə qoyularaq təsdiqlənəcək.

AZERTAC

Arxiv üzrə axtarış