2021-12-27

Nazir Ceyhun Bayramov: 2021-ci ildə Azərbaycan müstəqil xarici siyasət yürütməkdə davam edib

Dekabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, nazir 2021-ci ildə Azərbaycanın ölkənin milli maraqlarına əsaslanaraq öz xarici siyasətini davam etdirdiyini söyləyib. Bildirib ki, Azərbaycanın xarici siyasətinin həm ikitərəfli, həm də çoxtərəfli formatda əsas prioritetləri beynəlxalq əlaqələrini inkişaf etdirməkdir. Azərbaycan bu il ərzində beynəlxalq hüquq və standartlara uyğun olaraq, regional sülh və təhlükəsizliyə sadiq qalmaqla ədalətə nail olmağa çalışıb. Bundan başqa, ölkəmizin xarici siyasəti Azərbaycanın və onun xalqının maraqlarının müdafiəsinə yönəlib.

Ceyhun Bayramov Qarabağla bağlı üçtərəfli Bəyanatın icrası barədə danışıb. Qeyd edib ki, Xarici İşlər Nazirliyi 2021-ci il ərzində regionda sülh və təhlükəsizliyin təmin olunması üçün yaradılmış platformalar çərçivəsində bir sıra tədbirlər keçirib. Gündəlikdə kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması kimi məsələlər dayanır. Eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərinin bərpası da prioritet vəzifədir. Bu prosesdə bir çox çətinlik və çağırışlarla üzləşirik ki, bunlar da xüsusilə ərazilərimizdə çox sayda minanın basdırılması ilə bağlıdır. Nazir, həmçinin bildirib ki, 2021-ci ildə Azərbaycan beynəlxalq səviyyədə Ermənistanda qarşı məhkəmə iddiaları qaldırmaqda davam edib və bu iddiaların bəziləri təmin olunub. Azərbaycan yaxın zamanlarda daha bir neçə konvensiya üzrə - azad olunmuş ərazilərdə ekologiya, ətraf mühitə vurulan ziyan, həmçinin enerji resurslarının, təbii sərvətlərin qanunsuz istifadəsinə dair müvafiq konvensiyalara uyğun olaraq beynəlxalq məhkəmələrə müraciət edəcək.

Xarici işlər naziri bildirib ki, 2021-ci ildə Azərbaycan müstəqil xarici siyasət yürütməkdə davam edib. Bu il Azərbaycanın xarici siyasət baxımından əsas prioritetləri regiondakı yeni reallıqlar fonunda münasibətlərin inkişaf etdirilməsi, həmçinin müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi olub. 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra regionda formalaşmış yeni reallıqlar kontekstində Azərbaycan BMT, ATƏT, Aİ, Avropa Şurası, İƏT və bir sıra digər regional platformalar daxil olmaqla, bütün mümkün çərçivələrdən istifadə edərək mövqeyini dünya ictimaiyyətinə çatdırmağa çalışıb.

Ceyhun Bayramov, həmçinin deyib ki, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrlik edəcək. ATƏT-in hərbi siyasi ölçüsünü əhatə edən və təşkilatın bu sahədə əsas strukturunu təşkil edən bu quruma sədrlik çox məsuliyyətli işdir. Həmçinin ölkəmizin bu mövzu ilə bağlı mövqeyinin çatdırılması və inkişaf etdirilməsi üçün çox əlverişli platformadır.

Nazir qeyd edib ki, Avropa İttifaqının həm Azərbaycana, həm də regiona marağının artdığını müşahidə olunur. Ölkəmizə və bölgəyə çoxsaylı səfərlər, görüşlər bunu deməyə əsas verir. Azərbaycan ilə Aİ arasında 2024-cü ilə qədər əməkdaşlıq prioritetləri artıq təsdiqlənib. O, eyni zamanda, deyib ki, 1996-cı ildə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında Saziş imzalanıb. Həmin Saziş 1999-cu ildə qüvvəyə minib. Sazişin 10 il müddəti var. Ancaq Sazişin şərtlərinə əsasən, yeni saziş imzalanmayanadək hər il avtomatik olaraq onun müddətinin uzadılması nəzərdə tutulur. Yeni saziş üzərində danışıqlar aparılır. Bu saziş əsasən dörd bölmədən ibarətdir. Bu, siyasi təhlükəsizlik, ticarət, iqtisadi, sahəvi institusional inkişaf və digər məsələləri əhatə edir. Pandemiya ilə əlaqədar məhdudiyyətlərə görə danışıqlar prosesində müəyyən səngimə var idi. Ancaq ötən ilin iyunundan başlayaraq Aİ ilə Azərbaycan arasında Saziş üzrə intensiv danışıqlar gedir. Açıq qalan məsələlərin sayında azalma var. Hesab edirik ki 2022-ci ildə bu sazişin yekunlaşdırılması mümkün olacaq .

“Azərbaycan-Fransa münasibətlərinin kifayət qədər uzun tarixi var. Azərbaycan uzun illər ərzində bu münasibətlərin inkişafına xidmət edib. Humanitar sahədə böyük birgə fəaliyyətimiz, nəticələrimiz və uğurlarımız olub. Azərbaycan hər bir dövlət, eyni zamanda, Fransa ilə münasibətlərinin inkişafında maraqlıdır. Postmünaqişə dövründə Fransa dövlətinin rəsmi nümayəndələri tərəfindən qərəzli açıqlamalar olub. Azərbaycan bunun qəbuledilməz olduğunu qarşı tərəfə çatdırıb. Azərbaycan dövlətinin ərazi bütövlüyünə hörmətsizlik göstərən hər bir şəxsin adı ölkənin qara siyahısına daxil edilir. Son aylar ərzində həm ikitərəfli əsasda, həm də Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən görüşlərdə Fransanın balanslı münasibətlər sərgilədiyini görmüşük”, - deyə Ceyhun Bayramov qeyd edib.

Azərbaycanın qardaş Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasını tam dəstəklədiyini deyən nazir bildirib: “Azərbaycan Türkiyənin bütün səviyyələrdə verdiyi mesajları yüksək qiymətləndirir. Biz dövlətlərarası münasibətlərin normallaşmasından danışırıqsa, münasibətlərin normallaşmasının bir əsası olmalıdır. Bu da beynəlxalq hüququn norma və prinsipləridir. Biz beynəlxalq hüququn norma və prinsipləri əsasında dövlətlərlə münasibətləri inkişaf etdiririk. Azərbaycan Ermənistana beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasını təklif edir”.

AZERTAC

Arxiv üzrə axtarış