2021-11-29

Azərbaycan Sakit Okean Alyansı təşkilatının III Beynəlxalq Əməkdaşlıq Forumunda təmsil olunub

Noyabrın 29-da Sakit Okean Alyansı (SOA) təşkilatının III Beynəlxalq Əməkdaşlıq Forumu keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, “Dayanıqlı sosial iqtisadi regional canlanma: beynəlxalq əməkdaşlığın töhfəsi” mövzusunda keçirilən Forumda təşkilatın daimi, assosiativ və müşahidəçi qismində 60-dan çox üzv ölkəsinin nümayəndələri, o cümlədən XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov iştirak edib.

Onlayn formatda keçirilən Forumda çıxış edən E.İskəndərov, Alyansın fəaliyyətində müşahidəçi üzv kimi iştirak edən Azərbaycanın şimal-cənub, şərq-qərb istiqamətləri üzrə nəqliyyat tranzit imkanlarının Alyans ölkələri üçün əhəmiyyəti haqda iştirakçıları məlumatlandırıb.

Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri haqqında danışan səfir, Azərbaycanın bu sahədə də SOA ölkələri ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Forum müzakirələrində iştirak edən nümayəndələr ölkəmizin azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma təcrübəsinin unikallığını diqqətə çatdıraraq, bu sahədə əməkdaşlığa maraqlarını bildiriblər.

AZERTAC

Arxiv üzrə axtarış