2021-11-27

BMT Soçi görüşündən sonra qəbul edilmiş birgə bəyanatı alqışlayır

BMT-nin Baş katibi Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş naziri arasında noyabrın 26-da Soçidə keçirilmiş görüşü və bu görüşdən sonra qəbul edilmiş birgə Bəyanatı alqışlayır. Baş katib, eyni zamanda, Rusiya Federasiyasının təmasların asanlaşdırılmasındakı rolundan məmnundur.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Baş katibin ofisinin saytında yerləşdirilib.

“Baş katib Azərbaycan və Ermənistan arasında birbaşa yüksək səviyyəli təmasın yaradılmasına dair öhdəlikləri təqdir edir, tərəflərin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların tam həyata keçirilməsinə dair götürdüyü öhdəlikləri alqışlayır. BMT-nin əsas prinsipi budur ki, davamlı sülh yalnız dialoq yolu ilə mümkündür. Bunun üçün təşkilat tərəfləri bütün mümkün yollardan istifadə etməyə çağırır. BMT regionda sülhün bərqərar olması üçün bütün səyləri dəstəkləməyə hazırdır”, - deyə məlumatda qeyd edilir.

AZERTAC

Arxiv üzrə axtarış