2021-11-10

Parisdə Azərbaycanın və Fransanın xarici işlər nazirləri arasında görüş olub

Noyabrın 10-da Parisə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirlər ikitərəfli əməkdaşlığın gündəliyi, habelə regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Jan İv Lö Drian Fransanın Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Tərəflər ikitərəfli əməkdaşlığın xüsusilə iqtisadi, eləcə də təhsil sahələrində inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər və bu xüsusda qarşılıqlı maraq ifadə olunub.

Nazir Lö Drian ölkəsinin Azərbaycana minaların təmizlənməsi prosesində yardım etməyə hazır olduğunu bəyan edib və bu xüsusda, ANAMA ilə əməkdaşlığa hazırlıq ifadə edilib. Həmçinin Birinci Qarabağ müharibəsindən itkin düşən şəxslərin axtarışı ilə əlaqədar prosesin Fransa üçün əhəmiyyət kəsb etdiyi qeyd olunub. Nazir Lö Drian, habelə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasının vacibliyini bildirib və ATƏT-in Minsk qrupunun bu xüsusda önəmli format ola biləcəyini vurğulayıb.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası mərhələdə Azərbaycanın sərgilədiyi mövqeyi barədə, eləcə də üçtərəfli bəyanatların icrası və Azərbaycan tərəfindən bu istiqamətdə birtərəfli şəkildə atılan addımlara dair qarşı tərəfə ətraflı məlumat verib. O, Azərbaycanın humanitar sahədə aidiyyəti beynəlxalq təşkilatlar, o cümlədən UNESCO ilə əməkdaşlığı barədə fransız həmkarını məlumatlandırıb.

Görüşdə nazirlər, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

AZERTAC

Arxiv üzrə axtarış