2021-11-18

Azərbaycan Avropa Konvensiyasının 16 saylı Protokolunu imzalayıb

Azərbaycan Avropa İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 16 saylı Protokolunu imzalayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə verilmiş səlahiyyət əsasında ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Strasburqda Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriçin iştirakı ilə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 16 saylı Protokolunu ölkəmiz adından imzalayıb.

Milli qanunvericiliyin və Protokolun müvafiq müddəalarının tələblərinə uyğun olaraq, Milli Məclis tərəfindən təsdiq edildikdən sonra ölkəmizə münasibətdə qüvvəyə minəcək 16 saylı Protokol Azərbaycanın ən yuxarı instansiya məhkəmələrinə Konvensiyada və onun protokollarında müəyyən olunan hüquqların və azadlıqların şərhi və ya tətbiqi ilə bağlı prinsip xarakterli məsələlərlə əlaqədar məsləhət rəylərinin verilməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək imkanı yaradacaq.

Mərasimdən sonra daimi nümayəndə ilə Baş katib arasında keçirilən görüşdə 16 saylı Protokolun imzalanması Azərbaycanın Konvensiya sisteminə sadiqliyinin göstəricisi olan vacib hadisə kimi qiymətləndirilib və bu Protokolun yaradacağı məsləhət almaq imkanının ölkəmizdə insan hüquqlarının müdafiəsinə əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər barədə fikir mübadiləsi aparılıb.

AZERTAC

Arxiv üzrə axtarış