2021-09-27

Strasburqda şəhidlərimizin xatirəsi anılıb

Strasburqda 27 sentyabr - Anım Günündə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri, Türkiyə Böyük Millət Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ahmet Yıldız, Türkiyənin Avropa Şurası yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Kaan Esener, Azərbaycan icmasının, eləcə də yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Türkiyənin qurumdakı nümayəndə heyətinin rəhbəri Əhməd Yıldız və Milli Məclisin üzvü Rafael Hüseynov bir il əvvəl, sentyabrın 27-də başlamış Vətən müharibəsi ilə bağlı fikirlərini bölüşüblər. Onlar Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə Müzəffər Ordumuzun şücaəti və rəşadəti sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsinin xalqımızın tarixi zəfəri olduğunu, yeni salnamələrə yol açdığını vurğulayıblar. Uzun illər hərbi işğal kimi ağır haqsızlıqla üzləşmiş Azərbaycan xalqının Ali Baş Komandan ətrafında yumruq kimi birləşərək sentyabrın 27-də “öldü var, döndü yoxdur” düşüncəsi ilə yola çıxdığını və bütün azərbaycanlılar üçün əziz olan Şuşada Azərbaycan dövlət bayrağının ucaldılmasını xatırladıblar. Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü və firavan gələcəyi üçün canlarından keçmiş bütün qəhrəmanlarımızın igidliyi dərin minnətdarlıq hissi ilə anılıb və onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı bildirilib.

Qardaş Türkiyənin Vətən müharibəsi zamanı ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyin ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” şüarı ilə yaşayan Azərbaycan və Türkiyənin sarsılmaz birliyinin ən parlaq nümayişinin şahidi olmağımız fəxarətlə qeyd olunub və bu birliyin əbədiliyi bəyan edilib.

Yerli ictimaiyyətin təmsilçisi kimi tədbirdə çıxış edən hüquq elmləri doktoru, Strasburq vəkillər birliyinin üzvü Jan-Emanuel Medina 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycanın üzləşdiyi işğal faktına beynəlxalq təsisatlar tərəfindən verilən hüquqi dəyərləndirmələr barədə danışıb. O, Azərbaycanın işğal olunmuş torpaqlarının Vətən müharibəsi nəticəsində azad olunmasının ölkəmizin beynəlxalq hüquqdan irəli gələn bir haqq işi olduğunu vurğulayıb. Bu tarixi hadisəni ədalətin bərpası kimi gördüyünü ifadə edib.

Tədbirin sonunda Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində kütləvi informasiya vasitələrində getmiş, yadda qalan videogörüntülər əsasında hazırlanmış qısa video nümayiş etdirilib.

Arxiv üzrə axtarış