2021-09-24

Prezident İlham Əliyev: Biz Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzərində işə başlamağa hazırıq

Biz Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. Çünki bu müqavilə lazımdır. Müharibə qurtarıb, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb, özü də həmişəlik. Buna görə normal qarşılıqlı əlaqələr yaratmaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində Cənubi Qafqazda perspektivlər barədə sualı cavablandırarkən söyləyib.

Dövlətimizin başçısı deyib: “Təəssüf ki, hələ də “Dağlıq Qarabağ”ın statusu barədə məsələlər qaldırılır, bu isə tamamilə perspektivsiz və mənim fikrimcə, Ermənistanın hazırkı faciəvi vəziyyətində onun üçün zərərli və təhlükəlidir. Çünki onlar İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdırlar. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirsə, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından çəkinməsi çətin olacaq. Bundan ötrü elə həmin Zəngəzurun və elə həmin Göyçə gölü regionunun tarixi mənsubiyyəti baxımından, bizim daha çox əsasımız, ərazi iddiaları üçün daha çox tarixi zəmin vardır. Biz ki, belə iddialar təqdim etmirik. Məğlub olmuş, kapitulyasiya haqqında akt imzalamış Ermənistan nəyə görə hesab edir ki, onun Dağlıq Qarabağ üçün hansısa status - mövcud olmayan şey üçün status barədə danışmağa haqqı var?”

Prezident qeyd edib ki, hazırda region ölkələrində müzakirə olunan təşəbbüslər də müsbət istiqamətə - əməkdaşlığa yönəlib. “Bilirsiniz, 3+3 təşəbbüsü var. Bu təşəbbüs Rusiya, İran, Türkiyə və Azərbaycan tərəfindən dəstəklənib. Gürcüstanın etirazı var, Ermənistan isə öz mövqeyini bildirməyib. Nə hə deyib, nə yox. Yenə mövqe yoxdur. Əgər bu müsbət mövqe olsa, bu istiqamətdə işə başlamaq olar. Bu isə öz növbəsində həm regionda sabitləşməyə və təhlükəsizlik risklərini minimallaşdırmağa kömək edəcək, həm də şərait yaradacaq ki, region ölkələrinin qarşılıqlı fəaliyyətini onlar özləri müəyyən etsinlər, necə yaşayacaqlarını özləri həll etsinlər. Region hansısa kənar təsirdən xilas olacaq. Bizim mövqeyimiz belədir. Biz onu nümayiş etdiririk və təkcə nümayiş etdirmirik, biz bu istiqamətdə iş aparırıq. Ermənistan istisna olmaqla bütün qonşularımızla yaxşı, demək olar ki, yaxın dostluq münasibətlərimiz var, biz bu münasibətləri qiymətləndiririk. Buna görə, əgər Ermənistan bu formata qoşulsa, hamının xeyrinə olacaq”, - deyə Prezident İlham Əliyev əlavə edib.

AZERTAC

Arxiv üzrə axtarış