Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
Sentyabrın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri, səfir Petr Mixalko ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Petr Mixalko etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) nümayəndəsini təyinatı münasibətilə təbrik edib, onun Azərbaycan ilə Aİ arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inandığını bildirib.
Görüşdə tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələri, o cümlədən son dövr ərzində Azərbaycana həyata keçirilən yüksəksəviyyəli səfərlər, “Şərq tərəfdaşlığı” ölkələrinin qarşıdan gələn yüksəksəviyyəli görüşlərinə hazırlıq, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş, eləcə də əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüş zamanı, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının gündəliyində duran müxtəlif məsələlər, o cümlədən enerji sahəsində layihələrin həyata keçirilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Petr Mixalko Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu və fəaliyyəti müddətində bu münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri, son 28 il ərzində münaqişənin həlli ilə bağlı sərgilədiyi qeyri-konstruktiv yanaşma, 44 günlük müharibə nəticəsində ərazilərimizin işğaldan azad olunması, hazırda bu torpaqlarda aparılan bərpa və quruculuq işləri, ərazilərin gələcək inkişaf planları barədə qarşı tərəfə ətraflı məlumat verib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.