Ceyhun Bayramov: Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa böyük önəm verir
İyunun 29-da xarici işlər naziri Ceyhun Bayramov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri İvana Duarte ilə ölkəmizdəki fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın AYİB ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayaraq, mövcud münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Bank tərəfindən mühüm layihələrin, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində iştirak xüsusi qeyd edilib. Həmçinin AYİB-in Azərbaycan üzrə nümayəndəliyinin aidiyyəti nazirliklərlə həyata keçirdiyi uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb.
Bankın nümayəndəliyinin rəhbəri İvana Duarte Azərbaycandakı fəaliyyətinin müsbət nəticələrindən bəhs edərək, bu xüsusda bərpaolunan enerji, dayanıqlı inkişaf sahələrində əməkdaşlığı xüsusi qeyd edib. 2019-cu ildə Azərbaycan Respublikası Baş nazirinin AYİB-in London şəhərindəki baş qərargahında keçirilən Şərq Tərəfdaşlığı İnvestisiya Sammitində iştirakının, habelə imzalanmış razılaşmaların əməkdaşlığın genişləndirilməsinə önəmli təkan verdiyi bildirilib.
Ceyhun Bayramov qarşı tərəfə münaqişədən sonrakı mərhələdə bölgədə mövcud olan vəziyyət və əməkdaşlıq imkanları barədə məlumat verərək, xüsusilə azad olunmuş ərazilərdəki bərpa və quruculuq işləri haqqında danışıb. Bu mərhələdə beynəlxalq tərəfdaşlarla, o cümlədən AYİB-lə əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Nair Ceyhun Bayramov İvana Duarteyə Azərbaycandakı uğurlu fəaliyyətinə görə təşəkkür edərək, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.