2021-06-21

Azərbaycanlı deputat AŞPA üzvlərini mina xəritələrini vermək üçün Ermənistana təzyiq göstərməyə çağırıb

Qarabağ 30 il ərzində inkişafdan məhrum olub, bu bölgədə heç bir tərəqqi müşahidə edilməyib. Ermənistan üç min mədəniyyət və dini irs abidəsi daxil olmaqla, hər şeyi məhv edib, daş üstündə daş qalmayıb. Azad olunmuş ərazilərə səfər edən bütün xarici qonaqlar görünməmiş barbarlığın şahidi olub və bundan dəhşətə gəliblər. Qarabağdakı şəhərləri Qafqazın Xirosiması adlandırıblar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov yay sessiyası çərçivəsində qurumun Büro və Daimi Komitəsinin hesabatı ilə bağlı müzakirələrdə söyləyib.

Bildirilib ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ bir milyondan çox azərbaycanlı məcburi köçkün üçün yüksələn rifah və ümid ocağına çevrilib. Azərbaycan Qarabağın yenidən qurulmasına milyardlarla avro sərmayə yatırır. ABŞ, Çin, İtaliya, Türkiyə, İsrail, İngiltərə və digər ölkələrdən xarici şirkətlər artıq Qarabağda müxtəlif sahələrdə fəaliyyətə başlayıblar. XXI əsrin Xirosiması adlandırılan Ağdamın Baş Planı artıq təsdiqlənib.

Füzulidən Şuşaya gedən Zəfər yolu, eləcə də Füzulidən Cəbrayıl və Hadruta gedən yollar tikilməkdədir. Füzuli, Zəngilan və Laçında yeni beynəlxalq hava limanları inşa edilir.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev şəxsən Zəngilanda ilk “Ağıllı kənd” layihəsinin təməl daşını qoydu. Bu yenilikçi layihə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə çatmaq üçün ən mühüm vasitələrdən biridir.

Vurğulanıb ki, ölkəmiz Qarabağı sıfırdan tikir. Yenidən qurulacaq ərazilər Lüksemburqdan dörd dəfə böyükdür. Pənahəli xan Qarabağın təməlini qoydu, onu inkişaf etdirdi. Azərbaycanın onun qurduğu diyarı bərpa edəcəyinə şübhə ola bilməz.

“Əsas problemimiz minalarla bağlıdır. Müharibədən sonra ərazilərimizə daxil olmuş erməni təxribatçı qrupunun saxlanılan üzvlərindən 15 nəfərini təkcə Ağdamda yerləşdirilmiş 97 min mina xəritəsi ilə mübadilə etdik. Xatırlayırsınızsa, yaz sessiyasında Ermənistan nümayəndə heyəti bu cür xəritələrin mövcudluğuna etiraz edirdi. Bir neçə həftə əvvəl bu minalar 2 jurnalist və 1 mülki şəxsin ölümünə səbəb oldu. Ümumilikdə müharibə qurtarandan bu günədək erməni minaları səbəbindən 144 azərbaycanlı həyatını itirib və ya yaralanıb. Bu, müharibə cinayətidir, bu, beynəlxalq humanitar hüququn və ötən il imzalanmış üçtərəfli Bəyanatın kobud şəkildə pozulmasıdır.

Həmkarlarımı bütün mina xəritələrini təhvil verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıram”, - deyə K.Cəfərov diqqətə çatdırıb.

AZERTAC

Arxiv üzrə axtarış