2021-06-01

28 May- Respublika Günü Avropa Şurasının mənzil-qərargahında qeyd olunub

28 May –Respublika Günü Avropa Şurasının mənzil qərargahında qeyd edilib. Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən Strasburqda virtual konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Avropa Şurası yanında daimi nümayəndəmiz səfir Fəxrəddin İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 103 il əvvəl yarandığını diqqətə çatdıraraq, onun xalqımızın tarixində tutduğu mühüm yerindən söz açıb. Bildirib ki, cəmi 23 ay fəaliyyət göstərmiş AXC-nin əvəzsiz mirası hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Müsəlman Şərqində ilk dünyəvi parlament respublikası kimi onun ötən əsrin əvvəllərində bəşəri və proqressiv prinsiplərdən ilham aldığını və çoxsaylı nailiyyətlər əldə etdiyini vurğulayıb. Deyib ki, Cümhuriyyət qurucuları beynəlxalq birliyin və Avropa Şurasının üzvü kimi insan hüquqları, demokratiya və qanunun aliliyi prinsiplərinə sadiq olan müasir Azərbaycan dövləti ilə fəxr edə bilərlər.

Səfir F. İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil, müasir və demokratik Azərbaycanın AXC-nin əsaslandığı prinsip və ideyalara sadiq qaldığını bəyan edib və bu yolda durmadan irəlilədiyini vurğulayıb.

“Ötən il Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixi nailiyyət əldə edərək, öz ərazi bütövlüyünü bərpa etdi və uzun müddət davam etmiş münaqişəyə son qoydu. Hazırda regionda barışıq, sülh və əməkdaşlıq vaxtı yetişib. Azərbaycan bölgəmizdə dinc birgəyaşayışı, sabitliyi və rifahı təmin etmək əzmindədir”,- deyə daimi nümayəndə vurğulayıb.

Avropa Şurası yanında Daimi Nümayəndəliyimiz tərəfindən təşkil edilmiş virtual konsert Azərbaycanın Dövlət Himninin azərbaycanlı musiqiçilər tərəfindən səsləndirilməsi ilə başlayıb.

Gənc və istedadlı pianoçu Etibar Əsədli və balaban ustası Səddam Novruzbəyovun ifasında izləyicilər dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsərlərindən ibarət musiqi proqramını dinləyiblər.

Virtual konsert Avropa Şurasının mənzil qərargahından sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.

AZERTAC

Arxiv üzrə axtarış