2021-05-25

Cozef Bayden: ABŞ münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiqdir

Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən keçən 30 il ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıblar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda ifadə edib.

Məktubda deyilir: “Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq. ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qalırıq”.

ABŞ Prezidenti Cozef Bayden Respublika Günü münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına səmimi təbriklərini, ən xoş arzularını çatdırıb.

AZERTAC

Arxiv üzrə axtarış