2021-04-20

Səməd Seyidov: AŞPA üzvləri Azərbaycanın sülh, əmin-amanlıq yaratmaq çağırışlarını dəstəkləməlidirlər

Avropa Şurasının prioritetlərini və fəaliyyətimizi müəyyən etməyin vaxtı çatıb. AŞPA-nın prezidenti Rik Daems bildirdi ki, AŞPA-dan digər məqsədlər üçün siyasi vasitə kimi istifadə edilməməlidir. Ancaq erməni həmkarlarımız bu Parlament Assambleyasından sistemli olaraq siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar. Ermənistanda parlament seçkiləri yaxınlaşır. Naira Zohrabyan yenidən deputat seçilmək istəyir. Yenidən deputat olmaq üçün aqressiv və qərəzli çıxışlar edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın “Assambleyanın Avropa Şurasının strateji prioritetlərə baxışı” adlı məruzənin müzakirələrinə qoşulan Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib ki, təkcə ölkələr haqqında danışılmamalıdır, daha çox ölkələrlə danışılmalıdır. Bu, çox vacibdir. Tini Koks tam haqlıdır ki, monitorinq prosesini və prosedurunu təkmilləşdirməliyik. Bu proses qəbuledilməzdir, qənaətbəxş deyil. Monitorinq yanaşmalarının çox vaxt təhrif olunduğunu görürük.

Məsələn, bu gün Azərbaycan haqqında danışacağıq, amma heç kim Azərbaycanda olmayıb, oraya getməyib, Azərbaycan reallıqlarından xəbərsizdir.

“Problemlərin yox, həll yollarının tərkib hissəsi olmalıyıq. Təəssüf ki, çox vaxt həll yox, problem yaratmaqla məşğul olurlar. Bu isə reallıqdan tamamilə fərqlidir.

Biz sülhdən danışırıq, həll yolu tapmağı arzulayırıq. Bəziləri, xüsusilə də erməni həmkarlarım revanşist davranış göstərir və davakar mövqe tutaraq, AŞPA-nın mentalitetini dəyişməyə cəhd edirlər. Bu, qəbuledilməzdir”, - deyə S. Seyidov vurğulayıb.

Qeyd edilib ki, məruzənin müəllifi Tini Koksun tövsiyələri nəzərə alınarsa, multilateralizmə xüsusi diqqət yetirilməlidir. Əgər bu məsələlər nəzərə alınmazsa, həll yox, problemlər axtarışında olarlarsa, bu gün Almaniya Kansleri Angela Merkel dediyi kimi, multilateralizm işləməyəcək. Artıq həll yolu axtarmaq vaxtıdır.

Sonda Səməd Seyidov AŞPA üzvlərini problemləri həll etməyə, eləcə də Azərbaycanın sülh, əmin-amanlıq yaratmaq çağırışlarını dəstəkləməyə çağırıb.

AZERTAC

Arxiv üzrə axtarış