Azərbaycan XİN: ABŞ Prezidenti Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatında tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur
ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qondarma “erməni soyqırımı” məsələsini siyasiləşdirərək gündəmə gətirənlər həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir.
Yüz il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.
XİN-in açıqlamasında qeyd edilir ki, 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir.