2021-04-05

Ceyhun Bayramov: Azərbaycan regional və qlobal səviyyələrdə təhlükəsizlik və əməkdaşlığa hər zaman töhfə verməyə hazırdır

İsrailin “Hayom” qəzetində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun müsahibəsi dərc edilib.

Xarici İşlər nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir müsahibəsində Azərbaycanla ilə İsrail arasında möhkəm ikitərəfli və dostluq münasibətlərinin mövcud olduğunu bildirib. O qeyd edib ki, İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və biz bunu yüksək qiymətləndiririk. Sıx və qarşılıqlı faydalı əməkdaşlığımız siyasi, iqtisadi, hərbi və digər sahələri əhatə edir.

“Azərbaycan-İsrail tərəfdaşlığı güclü, hərtərəfli və çoxölçülüdür. Ölkələrimiz arasındakı münasibətlərin inkişaf səviyyəsindən məmnunuq. Əməkdaşlığımızı inkişaf etdirmək üçün artıq 10-dan çox sənəd imzalanıb, daha 20 müxtəlif layihə isə baxılmaqdadır. Bu sənədlər əlaqələrimizin inkişafı üçün yaxşı bir çərçivədir”, - deyə nazir vurğulayıb.

Xalqlarımızın liderləri arasındakı şəxsi münasibətlərin dövlətlərarası tərəfdaşlığın inkişafında mühüm rol oynadığını deyən Ceyhun Bayramov bildirib ki, Baş nazir Benyamin Netanyahu son dəfə Azərbaycana 2016-cı ilin sonlarında gəlib. Bu səfər çox məhsuldar olub. Bu münasibətlə mühüm sənədlər imzalanıb. Onların arasında digər sənədlərlə yanaşı, birgə iqtisadi komissiyanın yaradılması barədə razılaşma var idi.

Vətən müharibəsi zamanı Azərbaycanın İsrail cəmiyyətinin səmimi dəstəyini aldığını qeyd edən nazir deyib: “Ermənistan tərəfindən müharibə bölgəsindən çox uzaqda yerləşən Gəncə şəhərinə 33 azərbaycanlı mülki şəxsin həyatına son qoyan vəhşi raket hücumlarının qurbanlarına İsrailin göstərdiyi humanitar yardımı yüksək qiymətləndiririk. Azərbaycan əsilli israillilər Ermənistanın təcavüzünə etirazlarını bildirmək və Azərbaycanla həmrəylik nümayiş etdirmək üçün mitinqlər təşkil etdilər.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən yüksək texnoloji və yüksək dəqiqlikli silahlardan, o cümlədən İsrail istehsalı olan silahlardan, xüsusən də pilotsuz uçuş aparatlarından məharətlə istifadə edilməsi hərbi qələbənin əldə olunmasında mühüm rol oynadı. Əminəm ki, Vətən müharibəsindən sonra ikitərəfli əlaqələrimiz müxtəlif sahələrdə daha da möhkəmlənəcək və dərinləşəcək”.

Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra postmüharibə dövrünə qədəm qoyduğunu diqqətə çatdıran xarici işlər naziri vurğulayıb ki, indi əsas prioritetlər azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasıdır. Reabilitasiya prosesində dost ölkələrin və tərəfdaşların iştirakını alqışlayırıq. Əlbəttə ki, İsrail şirkətləri də bu prosesə qoşula bilər. İş yükü çoxdur. Buraya minaların təmizlənməsi, infrastrukturun qurulması, “ağıllı” şəhər və kəndlərin yaradılması daxildir, lakin bunlarla məhdudlaşmır.

“Azərbaycanın azad edilmiş ərazilərindəki dağıntının həcmini təsvir etmək çətindir. Demək olar ki, bütün mədəniyyət abidələri və dini məkanlar, xəstəxanalar, məktəblər və yaşayış binaları talan edilib, yerlə-yeksan olunub. On min nəfərədək azərbaycanlı əhalinin yaşadığı yerlər “xəyal” şəhərinə çevrilib. Bir çox halda, sadəcə, bayraq qaldırmaq üçün bir dənə də olsun bina tapılmırdı. Azad edilmiş bütün ərazilər minalar və partlamamış hərbi sursatlarla ciddi şəkildə çirklənib. Ətraf mühitə də böyük ziyan vurulub. Bütün meşələrin 20 faizi məqsədyönlü şəkildə məhv edilib. On illərdir davam edən işğal zamanı Ermənistan yüz minlərlə azərbaycanlı məcburi köçkünün öz yurdlarına qayıtmasının qarşısını almaq üçün hər şeyi edib. Ancaq biz bu əraziləri yenidən qurmaqda və bərpa etməkdə qətiyyətliyik. Azad edilmiş ərazilərə dinc həyat mütləq şəkildə və tezliklə qaytarılacaq”, - deyə Ceyhun Bayramov qeyd edib.

Müsahibədə bildirilib ki, müharibə zamanı və sonrakı dövrdə Azərbaycan 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla, beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ciddi şəkildə əməl edib. Hərbi əməliyyatların ilk günündə Azərbaycan hərbi komandanlığı hərbi qulluqçulara Cenevrə konvensiyalarına riayət etməyin zəruriliyi ilə bağlı xüsusi təlimat verib. Ordumuz vətəndaşı hesab etdiyimiz mülki insanları heç zaman məqsədyönlü şəkildə hədəfə almayıb. Bundan əlavə, Silahlı Qüvvələrimiz İsrail istehsalı da daxil olmaqla, müharibə zamanı dəyən zərəri əhəmiyyətli dərəcədə azaltmağa imkan verən yüksək dəqiqlikli silahlarla təchiz edilmişdi. Bununla yanaşı, düşmən yaşayış yerlərində tez-tez ağır artilleriya və raket sistemlərini yerləşdirirdi. Erməni qüvvələri bu silahlardan əhalinin sıx məskunlaşdığı Azərbaycan ərazilərini atəşə tutmaq üçün fəal şəkildə istifadə ediblər. Azərbaycanın Tərtər şəhəri xüsusilə ağır dağıntılara məruz qalıb və xarici jurnalistlər tərəfindən hətta “Stalinqrad” adlandırılıb. Erməni komandirlər tez-tez hərbi qərargah kimi məktəb və uşaq bağçalarından istifadə edirdilər. Bütün bu faktlar Ermənistan tərəfindən reportaj hazırlayan xarici jurnalistlər tərəfindən qeydə alınıb.

Xatırladılıb ki, Ermənistan silahlı qüvvələrinin raket və artilleriya hücumları nəticəsində 101 azərbaycanlı mülki şəxs həlak olub, 500-ə yaxın insan yaralanıb. Ermənistanın təqdim etdiyi rəsmi məlumatlara görə isə hərbi əməliyyatlar zamanı erməni mülki şəxslər arasında qurbanların sayı həyatını itirən azərbaycanlı mülki vətəndaşların sayından iki dəfə azdır.

Azərbaycanın beynəlxalq multikulturalizm mərkəzlərindən biri kimi tanındığını deyən nazir bildirib ki, əsrlər boyu yəhudilər və azərbaycanlılar burada sülh və dostluq şəraitində yaşayıblar. Bu yaxşı ənənəni bu gün də davam etdirməkdən qürur duyuruq. Yəhudi icması cəmiyyətimizin çox fəal hissəsidir. Azərbaycanda yeddi sinaqoq var, onlardan beşi Bakıdadır. Ölkəmizdə yəhudi məktəbləri və mədəniyyət mərkəzləri də var. Xalqlarımızın sıx münasibətləri ikitərəfli əlaqələrimizin vacib hissəsidir. Azərbaycanın yəhudi icması və İsraildəki Azərbaycan diasporu əlaqələrimizin inkişafında çox fəal rol oynayır.

Ceyhun Bayramov, həmçinin bildirib: “Orta Şərq bölgəsindəki hadisələri diqqətlə izləyirik. Biz həmişə sülh və təhlükəsizliyin bərqərar olmasına çağırış edirik. Əminik ki, bu, bütün bölgənin inkişafına kömək edəcək. Regional və qlobal səviyyələrdə təhlükəsizlik və əməkdaşlığa töhfə verməyə hər zaman hazırıq”.

AZERTAC

Arxiv üzrə axtarış