Strasburqda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbirlər keçirilib
Strasburqda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbirlər keçirilib
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Strasburqda, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyində anım mərasimi keçirilibdir.
Mərasimdə ilk çıxış edən Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Xocalı qətliamının Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb və bu qanlı soyqırım aktının qurbanları olan günahsız insanların taleyi haqqında söz açıb. O, bildirib ki, ötən 28 il ərzində baş tutmuş anım mərasimlərindən fərqli olaraq cari ilki ildönümünü Azərbaycan qalib ölkə kimi qeyd edir. F.İsmayılov əlavə edib ki, müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun zəfəri Xocalı soyqırımını törədən cinayətkarların ədalət mühakiməsi qarşısına çıxaracaq günü daha da yaxınlaşdırır və bunun üçün səylərin usanmadan davam etdirilməsi vacibdir. Bu mənada, F.İsmayılov dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyasının əhəmiyyətini xüsusi vurğulayıb və bu kampaniya çərçivəsində həyata keçirilən tədbirlərə, o cümlədən eyni gündə Strasburqun mərkəzində baş tutmuş aksiyaya istinad edib.
Növbəti olaraq, Strasburqda yaşayan yazıçı Jerar Kardon çıxış edib və ölkəmizə çoxsaylı səfərləri və Azərbaycan barədə araşdırmalarına əsaslanaraq, Xocalı qətliamı haqqında düşüncələrini bölüşüb və bu qırğının günahsız qurbanlarının xatirəsinin davamlı yad edilməsinin vacibliyini qeyd edib. O, həmçinin müharibənin artıq bitdiyini və bundan sonra Azərbaycan və Ermənistanın gələcəyə baxaraq, regionda davamlı sülhün qurulması üçün çalışmalı olduğunu söyləyib. Bu xüsusda o, Fransa və Almaniyanın qarşılıqlı münasibətlərində keçilmiş tarixi yola nəzər salıbdır.
Ardınca Fransada yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva çıxış edərək, Xocalı soyqırımının xalqımız üçün doğurduğu acı və iztirablar barədə danışıb və bu qanlı cinayət barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb. O, ədalətın zəfər çalacağı və Xocalı soyqırımını törətmiş canilərin məhkəmələr qarşısında cavab verəcəklərinə inamını ifadə edib.
Mərasimin sonunda iştirakçılara “Xocalı – Bir Xalqın Kədəri” adlı sənədli film nümayiş etdirilib.
Bunda başqa, fevralın 26-da "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyası çərçivəsində Strasburq şəhərinin mərkəzində yerləşən Kleber meydanında Azərbaycan icmasının üzvləri tərəfindən Xocalı soyqırımına həsr olunmuş aksiya təşkil edilib. Aksiyada hüznlü musiqi sədaları altında Xocalı qətliamı barədə plakatlar nümayiş etdirilib və Ermənistanın törətdiyi bu qanlı cinayət haqqında "Xocalıya ədalət!" kampaniyası tərəfindən hazırlanmış məlumat bukletləri yerli sakinlər arasında paylanıb.